Baş redaktorlar MEDİA-nın 3 illik fəaliyyətindən danışdı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından 3 il ötür.

MEDİA Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.

Agentliyin keçdiyi inkişaf yolu, gördüyü işlər, bu sahədə əldə olunan uğurlar barədə media rəhbərləri fikirlərini Metbuat.az-la bölüşərək üç illik fəaliyyətini dəyərləndiriblər:

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirdi ki, uzun illərdən bəri media sektorunda media adına iddia edən təsisat və fərdlərin yaratdıqları çoxsaylı problemlər Media İnkişafı Agentliyinin yaranmasını zəruri etdi.


“Yeni “Media haqqında” Qanunun qəbulu və MEDİA Agentliyinin yaranmasına ehtiyac var idi. Məsələ ondadır ki, həm KİV haqqında Qanun dövrün tələblərinə cavab vermirdi, həm də müəyyən zaman kəsiyində yaranmış çoxsaylı problemlər medianın ənənəvi platforması üzərindən inkişaf edərək müasir çağırışlara cavab verməyi mümkünsüz etmişdi. Uzun illər media faktiki olaraq bir sıra aspektlərdən, bir sıra insanların əlində şantaj, qanunsuz yollarla varlanmaq üçün vasitəyə çevrilmişdir. MEDİA-nın yaranması və bu kontekstdə bir sıra addımların atılması, o cümlədən “Media haqqında” Qanunun qəbulu, media reyestrinin müəyyənləşməsi, mediadakı çoxsaylı problemlərinin ən azı müəyyən bir zaman kəsiyində aradan qaldırılmasına və tənzimlənməsinə kifayət qədər ciddi yardım etdi”.

Elçin Mirzəbəyli vurğuladı ki, Agentliyin bu illər ərzində həyata keçirdiyi layihələr, xüsusilə də ixtisaslaşma probleminin aradan qaldırılması istiqamətində atdığı addımlar hazırda bəhrəsini verməkdədir.

“Biz bu gün istər çap, istər internet media, istərsə də televiziyalarda müxtəlif layihələr çərçivəsində formalaşan, eyni zamanda könüllülər hərəkatının içərisində yer alan insanların artıq peşəkar jurnalist kimi fəaliyyətlərinin şahidi oluruq.

Onların həm peşə etikasına yüksək səviyyədə əməl etməsini müşahidə edir, həm də müasir medianın tendensiyalarına da cavab verdiklərini görürük. Bu aspektdən qısa müddətli olsa da, Agentliyin üç illik zaman kəsiyində göstərdiyi fəaliyyəti təqdir edir müsbət dəyərləndirirəm. Düşünürəm ki, indiki mərhələyə qədər formalaşmış baza yaxın zamanda mətbuatın daha da inkişaf etməsi və gün işığına çıxan çoxsaylı problemlərin aradan qaldırılması üçün də zəmin yaradacaq”.

“Bizimyol.info” saytının baş redaktoru əməkdar jurnalist Bahəddin Həzi isə düşünür ki, o medianın inkişafını və ya tənəzzülünü konkret olaraq, bu sahəyə aidiyyatı olan hansısa bir dövlət qurumuna və ya ictimai struktura bağlamağın tərəfdarı deyil:

“Bu, bir prosesdir və məlumdur ki, istənilən proses bir deyil, bir çox faktorların nəticəsi və ya məcmusudur. Bəli, mən də oxuyuram, eşidirəm, bəzi insanlar deyir ki, Medianın İnkişafı Agentliyi yaranandan bəri mediada proqres var, bəziləri də deyir, reqress var. Ancaq aqillərdən biri deyib ki, ağıllı adamlar fərdləri, hadisələri deyil, ideyaları müzakirə edir. Əsas ideya medianın media olmasıdır. Bunun üçün də o müstəqil olmalıdır. Müstəqil olmaq üçün də öz ayağı üzərində dura bilməlidir. Hələlik biz bu hədəfdən çox uzağıq. Bəlkə də son üç ildə "yaxınlaşmışıq" deyənlər var. Bəlkə də "əksinə, uzaqlaşmışıq" deyənlər də olacaq. Mən medianın bugünkü səviyyəsinə görə kimisə tərif etmək, yaxud hazırkı vəziyyətə görə kimisə tənqid etmək istəmirəm. Bir gerçək var ki, biz 3 il əvvəl olduğumuz yerdə deyilik artıq. İndiki dünyanı izah etməyə yalnız qeyri-səlis məntiqin gücü və elmi haqqı çatır. Hər halda böyük Hüseyn Cavid deyirdi: "Hər qaranlıqda bir işıq, hər ümidsizlikdə bir ümid var".

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Metbuat.az-a dedi ki, yeni bir qurumun fəaliyyətini analiz etmək üçün üç il kifayət edəcək qədər böyük zaman deyil:

“Hesab edirəm ki, bir qurumun fəaliyyəti barədə obyektiv qiymət vermək üçün 5-10 il vaxt keçməlidir. Amma Medianın İnkişaf Agentliyindən öncə də yerində olan sələfi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə müqayisə etsək, Agentlik bu illər ərzində Azərbaycan mətbuatının həyatında daha ciddi rol oynadı.

KİVDF dediyimiz həmin fond daha çox bəlli bir zəngin baş redaktor zümrəsinin maraqlarından çıxış edirdisə, Medianın İnkişaf Agentliyi zəhmətkeş müxbirlərin mövqeyindən məsələrə yanaşaraq onların maariflənməsi, illərlə pozulan hüquqlarının müdafiəsi üçün müəyyən addımlar atmaqdadır. Bu baxımdan Medianın İnkişaf Agentliyinin üç illik fəaliyyəti müsbət dəyərləndirilir və ümid edirik ki, Agentlik bundan sonra da daha çox hər zaman əzilən jurnalistlərin yanında olmağa davam edəcək".

Metbuat.az” saytının baş redaktoru Ramil Mirzəyev vurğuladı ki, MEDİA agentliyinin fəaliyyəti nəticəsində mətbuatımız inkişaf mərhələsinə qədəm qoyub:

“Hesab edirəm ki, Media mühitinin sağlamlaşdırılması və inkişafı üçün qarşıya qoyulan vəzifələr, aparılan islahatlar ötən ildə də Medianın İnkişafı Agentliyi tərəfindən uğurla həyata keçirilib. Agentlik mətbuatımız üçün önəmli olan onlayn və çap mediasına dəstək layihələri ilə yanaşı, “MEDİA könüllüləri” proqramı, “MEDİAlab” layihəsi, “Media savadlılığı” və s. bu kimi layihələrlə prosesə töhfəsini verib.

Feyk məlumat və dezinformasiyaların vüsət aldığı zamanda media savadlılığının artırılması üçün görülən işləri, eləcə də əvvəlki illərdə diqqətdən kənarda qalan region mediasına MEDİA Agentliyinin xüsusi münasibətini də qiymətləndirməmək olmaz.

Ümid edirəm ki, budan sonra da Agentlik üzərinə götürdüyü missiyanı uğurla davam etdirəcək və Azərbaycan mediası daha da inkişaf edəcək, qlobal rəqabətli mediaya çevrilə biləcək. Medianın İnkişafı Agentliyinin bütün kollektivini yaradılışının üç illiyi münasibəti ilə təbrik edir, mətbuatımızın inkişafına xidmət edən vacib fəaliyyətlərində uğurlar arzulayıram”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı