Nəqliyyat vasitələrinin utilizasiyası fondu ilə bağlı qayda təsdiq edildi

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası təsdiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Qərar “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.

Fondun vəsaitinin idarə olunması “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Fondun vəsaiti aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır:

- utilizasiya haqqı;
- kreditlər və qrantlar;
- hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.

Bu Qaydada qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində göstərilən orqanlar təmin edirlər.

Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
- utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;
- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

Bu Qaydada qeyd olunan istiqamət üzrə köçürmələr Qanunla müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qayda ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. Operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.

Fond hesabında ilin sonuna qalan vəsait növbəti ilə keçirilərək bu Qaydada qeyd edilən istiqamətlər üzrə istifadə olunur.

Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edir. Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabat operator tərəfindən növbəti ilin yanvar ayın 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı