Nazirlik “Elektron resept” sisteminin yaradılmasına başladı

Əczaçılıq sahəsində tənzimləmənin səmərəliliyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “Elektron resept” sisteminin yaradılması Səhiyyə Nazirliyinə həvalə edilib.

Metbuat.az xəbər verir ki, Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O qeyd edib ki, yaradılan sistem ölkənin dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan dərman vasitələrinin reseptlərinin qeydiyyatı və idarə olunmasının vahid reyestridir.

“Elektron resept” sistemindən icbari tibbi sığorta üzrə xidmət alan bütün vətəndaşlar, güzəştli kateqoriyaya aid olan şəxslər, habelə özəl tibbi sığorta üzrə xidmət alan və sığortası olmayan vətəndaşlar istifadə edə bilərlər. Həm fərdi kompüterlərdə, həm də mobil cihazlarda mövcud olan bu həllin çox rahat və intuitiv interfeysi həkimə ölkədə rəsmi qeydiyyatdan keçən dərman vasitələrinin və xəstəliklərin beynəlxalq təsnifatı əsasında reseptlər yazmağa imkan verir. Vətəndaş öz interfeysində ona yazılan bütün reseptləri sadə strukturlaşdırılmış və rahat oxunan formada görəcək. Mobil proqramı reseptim.az saytından, həmçinin “AppStore” və “Google Play” proqram mağazalarından yükləmək mümkündür”.

Rüfət Hacıəlibəyov hesab edir ki, sistem aktiv maddə əsasında reseptlər yazmağa imkan yaradır. Bu da alıcıya dərman alarkən seçim azadlığı verir:

“Gələcəkdə bu reyestrin dərman vasitələrinin dövriyyəsi monitorinqi reyestrinə inteqrasiyası, habelə nəzarət-kassa aparatının məlumat bazası ilə inteqrasiyası dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara, o cümlədən saxta və qeydiyyatsız dərman vasitələrinin yayılmasının, satışının qarşısının alınmasına nəzarəti gücləndirməyə imkan verəcək.

Bu reyestr həm də vətəndaşlar üçün tibbi məlumat mənbəyidir və sonradan vətəndaşın rəqəmsal profilindəki tibbi məlumatlarının bütövlüyünü təmin etmək üçün “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” sistemi ilə birləşdiriləcək.”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı