Heyvanların və heyvan mənşəli məhsulların izlənmə sistemi qurulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvanların və heyvan mənşəli məhsulların izlənmə sistemini qurub.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, ölkədə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması məqsədilə innovativ həllər və müasir texnologiyaların tətbiq edilməsi ilə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) üzərindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb.

Ölkə ərazisində Agentliyin mütəxəssisləri tərəfindən ailə-kəndli və fermer təsərrüfatlarında identikləşdirilmiş heyvanlar və təsərrüfatlar haqqında məlumatlar AQTİS-ə daxil edilir. Bu sistem vasitəsilə “fermadan süfrəyədək” prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq.

Belə ki, kəsilən hər bir heyvan haqqında məlumat istehlak məhsulunun üzərindəki QR kod vasitəsilə oxunacaq. İstehlakçı diri heyvanın haradan və nə vaxt gətirildiyi, məhsulun (ətin) mənşəyi, kəsim məntəqəsinin ünvanı, kəsilmə və satış şəbəkələrinə göndərilmə tarixləri, məhsulun daşınması haqqında sənədin nömrəsi barədə müfəssəl məlumatlar əldə edəcək. İzləmə sistemi vasitəsilə istehlakçı həmçinin məhsulun aid olduğu heyvanın sağlamlıq vəziyyəti, aparılmış sonuncu peyvəndləmənin tarixi, yaşı və s. məlumatları da əldə edə bilər. Bununla yanaşı, QR kodda məhsulun daşınmasına verilmiş müşayiətedici baytarlıq sənədinin nömrəsi də əks olunur ki, bu nömrə ilə istehlakçı sənədin əslini tələb edə bilər. Beləliklə, sistem vasitəsilə istehlakçı son məhsula uyğun tam qida zənciri üzrə məlumat əldə etmək imkanı qazanacaq. Bu isə izlənmə imkanlarının genişlənməsi ilə biotəhlükəsizlik tələblərinin ödənilməsinə şərait yaradacaq.

Sistem pilot olaraq hazırda bir satış şəbəkəsində sınaqdan keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı