Qərb Ermənistanı maşa kimi istifadə edir: Azərbaycanın mövqeyi necə olacaq?

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Piter Stano erməni mediasına açıqlamasında bildirib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozulacağı təqdirdə təmsil etdiyi qurum buna reaksiya verəcək. P. Stano qeyd edib ki, AB Ermənistana hücumun olmayacağına, danışıqlar zamanı bütün təhdidlərin aradan qaldırılacağına inanır.

Stano ifadə edib ki, AB-nin Azərbaycanla işləməyə davam edəcəklərini, amma vəziyyət mənfi istiqamətdə inkişaf etməkdə davam edərsə, üzv dövlətlər Azərbaycana təzyiq göstərəcəklər.

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Metbuat.az-a bildirib ki, başda Fransa, Almaniya olmaqla Avropa İttifaqı yeni bir güc mərkəzi formalaşdırmağa çalışır. Akif Nağı hesab edir ki, bu üçlük Mərkəzi Avropa güc mərkəzi kimi birlikdə ABŞ-yə və Rusiyaya qarşı müqavimət göstərib, Rusiyaya mövqelərini ortaya qoymaq istəyirlər:


“Avropa NATO kimi silahlı qüvvələrini yaratmaq, mərkəz kimi formalaşdırmağa çalışır. Digər istiqamətdən onlar Cənubi Qafqazda da mövqelərini gücləndirməyə maraqlıdırlar. Burada da alət kimi Ermənistandan istifadə etmək istəyirlər. Ona görə də, süni şəkildə guya Ermənistanın ərazi bütövlüyünə təhlükə olduğu barədə mif yaratmağa cəhd edirlər. Bu üçlük dünyaya Azərbaycanın Ermənistana qarşı hərbi müdaxilə planının olduğu görüntüsünü formalaşdırmağa çalışaraq, özlərini Ermənistanın müdafiəçisi kimi göstərirlər. Məqsəd, regiona girmək üçün Ermənistandan bəhanə kimi istifadə etməkdir. Bu məsələdə Fransa daha çox fəaldır. Rəsmi Paris Almaniya ilə bir yerdə hərəkət edərək, müəyyən məsələlərdə dırnaqarası, “yaxşı polis”, “pis polis” rolunu oynayırlar. Fransadan fərqli olaraq, Almaniya Azərbaycanda müəyyən xoş referans göstərir və bununla da bütövlükdə Avropanın münasibətlərini müəyyən bir səviyyədə saxlamağa çalışır”.

Ermənistana hamilik edən Fransanın Cənubi Qafqazda hərəkət etməsi üçün Gürcüstanla münasibətlərini sahmana saldığını vurğulayan siyasətçi qeyd edib ki, Makron hakimiyyəti Gürcüstanın Avropaya meylini gücləndirərək, Avropa İttifaqına namizədlik məsələsini gündəmə gətirib:

“Fransa Gürcüstan və Ermənistandan istifadə edib regiona gəlmək istəyir. Bu plan çərçivəsində Azərbaycanla münasibətlərə xələl gəlməməsinə də olduqca böyük cəhd göstərir. Çünki Azərbaycana ehtiyacları var. Bildiyiniz kimi, Avropanın isinməsi və digər enerji tələbatlarında Azərbaycanın payı böyükdür. Avropanın enerji daşıyıcılarının, enerji təhlükəsizliyinin şaxələndirilməsi ilə bağlı rəsmi planları var. Həm Avropa İttifaqı, həm Avropa dövlətləri ilə Azərbaycanla əməkdaşlığa dair sənədlər, müqavilələr imzalanıb. Ona görə də Azərbaycanla tam sərt qarşıdurmaya getmək istəmirlər. Hesab edirəm ki, səsləndirilən ittihamlar praktiki müstəviyə keçməyəcək, onların tək hədəfi Cənubi Qafqaz regionunda mövqelərini möhkəmləndirməkdir.

Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş təşkil olunmasında Almaniyanın kansleri Olaf Şolzun təşəbbüsü ilə proses davam edir. Hazırda Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Bu görüşdə Azərbaycanla Ermənistan arasında münasibətləri düzələcək, yoxsa yox, bu sual altında olsa da, dəqiqdir ki, Qərb platforması Azərbaycanla Ermənistanın yanında olmağı hədəf götürüblər. Onlar proseslərin içərisindədirlər. Ona görə də, bu mənada çalışırlar ki, Azərbaycanla münasibətləri müəyyən normal səviyyədə saxlasınlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı