Yeyinti məhsulları üzrə ixrac 9,5% artıb

2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub.

Metbuat.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral buraxılışına istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4% artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (75,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (25,1 milyon ABŞ dolları) üçüncü olub.

2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,6 milyon ABŞ dolları) üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı