Paşinyan təcili iclas çağırdı: Dörd kənd qaytarılır, müdafiə xətti ləğv olunacaq?

Son vaxtlar Ermənistan mətbuatında Bağanıs-Ayrum, Nərkin Voskepar, Xeyrimli və Qızıl Hacılı kəndinin Azərbaycana qaytarılması ilə bağlı məlumatlar yayılır.

Metbuat.az-ın məlumatına görə, erməni KİV-i “Hrparak” yazır ki, Azərbaycanın təslim olmağı tələb etdiyi Tavuşun dörd kəndi ilə bağlı Münxendə müzakirələr aparıb. Eyni zamanda qeyd olunub ki, Ermənistan baş naziri Nikol Paşinyan təcili iclas çağıraraq bu barədə məlumatlar da verib.

Məqalədə həmçinin qeyd olunub ki, Ermənistan bu kəndləri işğal etdikdən sonra onları Tavuş rayonunun inzibati ərazi vahidinə daxil edib. Tavuş qubernatoru Ayk Qalumyan da toplantı zamanı rayonun ərazisində azərbaycanlı kəndlərinin olduğunu təsdiqləyib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanla birbaşa sərhəddə yerləşən, hələ də erməni işğalında qalan səkkiz kənddən adı çəkilən dörd kənd - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı qaytarılması üçün tək problem Ermənistanın prosesi ləngitməsidir:

“Daha əvvəl Ali Baş Komandan İlham Əliyev də bildirmişdi ki, bu dörd kənd dərhal qaytarılmalıdır. Digər kəndlərin isə müzakirəyə qaytarılması prosesi müzakirə oluna bilər. Hesab edirəm ki, Ermənistan tərəfinin ən qısa müddətdə bu kəndləri Azərbaycana qaytarılması sülh danışıqları prosesinə müəyyən təkan verə bilər”.

Xatırladaq ki, “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan bildirmişdi ki, ilk mərhələdə 4, daha sonra isə Tavuş ərazisində olan 3 kənd və Kərki Azərbaycana veriləcək. Danielyan əlavə edib ki, Tavuşdakı kəndlərin verilməsi nəticəsində Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı