"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq. Azərbaycan çempionu Almaniyada "Bayer 04" komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın Bakıda keçirilən ilk oyunu isə 2:2 hesabı ilə yekunlaşıb. Bəs komandamızın Almaniyadakı oyunda şansları nə qədərdir?
Metbuat.az oyunla bağlı futbol ekspertlərinin fikirlərini öyrənib.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ"ın sona qədər mübarizə aparacağını düşünür:
"Qarabağ"ın "Bayer"lə səfərdə sona qədər mübarizə aparacağına inanıram. Rəqib güclü ola bilər, amma "Qarabağ" da artıq Avropa səviyyəli komandadır. İlk oyunun perfomansı ümid verir. Səfərdə də sona qədər mübarizə aparıb, layiqli oynayacaqlarına inanıram. Oyunun nəticəsinə gəldikdə, Qurban Qurbanovun sözləri ilə desəm, bu oyunda ilk oyundakından daha artığını etməliyik".
"Qarabağ"ın keçmiş futbolçusu, futbol eksperti Aslan Kərimov düşünür ki, oyun "Bayer"in üstünlüyü ilə keçəcək:
"Oyunun nəticəsini təxmin etmək mənim üçün çətindir. Lakin oyunun Bakıdakı matçın ikinci hissəsindəki kimi keçəcəyini düşünürəm. Əgər onlar matça əsas heyətlə çıxsalar, oyun təxminən həmin şəraitdə keçəcək. İstər-istəməz oyun "Bayer"in üstünlüyü ilə keçəcək.
"Qarabağ" yüksək pressinq ilə əks-hücumlarda öz xoşbəxtliyini axtara bilər. "Bayer"ə qarşı dominant oynaya biləcəyimizi təxmin etmirəm. Məşqçilər heyəti də çox güman ki, topu ələ keçirən kimi sürətli əks-hücumlar qurmağı düşünüb. Belə bir oyun qura bilsək, məncə nəticə əldə etmək mümkündür. Faizlə desək, üstünlük 60%-in 40%-ə "Bayer"in tərəfindədir".
"Səbail"in baş məşqçisi Şahin Diniyevin fikrincə, "Bayer" favorit olsa da, sürpriz gözləməyə dəyər:
"Bayer" təbii ki, favorit görünür. Ancaq "Qarabağ" "Braqa"ya qarşı çox yaxşı oyun göstərdi. Düşünürəm ki, sürpriz ola bilər. Oyun baxımdan "Qarabağ" "Bayer"dən çox da geri qalmır. İlk oyunda "Bayer" ikinci hissədə əsas heyəti buraxaraq oyunun taleyinin həll etdi, ilk hissədə isə "Qarabağ" çox yaxşı oynadı.
Tərəfləri çox gərgin oyun gözləyir. Düşünürəm ki, "Qarabağ" həmişəki kimi bizi yaxşı mənada təəccübləndirəcək".
Cavidan Mirzəzadə / Metbuat.az