Unudulan Novruz adətlərimiz - Lopa atmaq, üzük falına baxmaq...

Novruz bayramı yurdumuza yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən xalq bayramıdır. Bu bayramda bir çox adətlər icra olunur.

Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək ta qədimdən qeyd olunan adətlərdəndir.

Bəs qədim zamanlarda mövcud olan hansı adət-ənənələrimiz bu gün qeyd olunmur?

Mözvu ilə bağlı Metbuat.az-a danışan folklorşünas İlhamə Qəsəbova bildirib ki, bir çox Novruz adətlərimiz hal-hazırda unudulub.

"Novruz bayramının artıq 4-cü çərşənbəsinə yaxınlaşırıq. Son çərşənbə olan, müxtəlif bölgələrdə müxtəlif adlarla adlandırılan çərşənbəmiz həm Yel çərşənbəsi kimi qeyd olunur, həm də bəzi bölgələrdə Torpaq çərşənbəsi, bəzi bölgələrimizdə isə Od çərşənbəsi olaraq qeyd olunur. Novruz bayramının bu çərşənbəsi demək olar ki, bütün adət ənənələri, ritualları və ayinləri cəmləşdirən bir çərşənbədir".

İlhamə Qəsəbova bildirib ki, son Çərşənbə Novruz bayramının astanasına çox az qalan bir gündə icra olunduğu üçün insanlar buna daha çox inanırlar.

"Bu çərşənbədə bütün arzu və istəlkərin gerçəkləşməsi üçün bir çox adət ənənələri yerinə yetirilir. Qədim zamanlardan bu günə qədər bütün qapılar taybatay açıq olar, şər qarışar-qarışmaz işıqlar yanar və artıq tonqalı qalamaq üçün odunlar toplanar. Novruz bayramının sonuncu çərşənbəsində bir çox bölgələrdə özəlliklə sac açılıb, çörək bişirilərdi. Bayram çörəyi bişirilərdi ki, o evdə ruzi-bərəkət bol olsun. Həmin günü günlər yığışıb dəstə şəklində qapı-qapı gəzər, bayram payı yığıb, həmin evlərdə bayram şənliyi əhvali-ruhiyyəsi yaradardılar. Bu adətlər hal-hazırda indi o qədərdə icra edilmir".

Folklorşünas qeyd edib ki, unudulan adətlərimiz sırasında üzük falına baxmaq, qızların bir yerə yığılıb şirniyyat bişirməsi kimi ənənələr də var.

"Gənclər papaq atdı mərasimini icra edərdilər. Sadəcə qapını döyüb bayram payı istəyirdilər. Novruz bayramının axırıncı çərşənbəsində lopalar atılardı. Qarabağ və digər bölgələrimizdə lopalar göyə atılardı, bu, günəşin qaranlıq üzərində qələbəsi, xeyrin şər üzərində qələbəsi və göy ayinlərinin işıqlandırılması ilə bağlı idi. Bu çərşənbələrdə yandırılan tonqallar həm də Novruz bayramının inancına görə, ilin daha işıqlı, daha nurlu, sakit və sülh içində keçməsini simvolizə edirdi. Bayram günlərindən bir neçə gün qabaq həmişə kəndlərə kəndirbazlar, oyunbazlar gələrdi. Onlar uşaqları əyləndirər və bayram əhval ruhiyyəsi yaradardılar. Unudulan adətlərdən biri də kəndlərin uca bir yerində qara zurnanın çalınmasıdır. Üç gün qara zurna çalınardı. Kənddə, obada olan bir ağsaqqal gedib orada bayram musiqisi çalardı və bütün el-obanı, təbiəti bayramın sədası altında oyadar, bayramın gəlişinin müjdəsini verərdi. Cavan oğlanlarımız atlarla yarışa girərdilər. Hər kəs ürəyində arzu və niyyət tutardı. Onun niyyətində olan at əgər qalib gələrsə, onun istəyi yerinə yetirilirdi. Gənc qızlarımız qulaq falına çıxardılar. Qulaq falına gedəndə həmin evlərdə adətə görə, qapıların hər birində xoş şəslər səslənərdi".

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı