Həyatına sui-qəsd təşkil edilən icra başçısı kimdir?- DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

Metbuat.az xəbər verir ki, DTX-nın keçirdiyi əməliyyat nəticəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs Bəhruz Əskərov həbs edilib. O respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Metbuat.az həyatına sui-qəsd təşkil edilən icra başçısı Taleh Qaraşov haqqında dosyeni təqdim edir:

Taleh Azay oğlu Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköcə kəndində anadan olub. O, 1996-cı ildən müxtəlif rayonların icra başçısı olub. Taleh Qaraşov 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR