Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə icma bəyanat yayıb. Bildirilib ki, martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.

Qeyd olunub ki, Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb. Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Sözügedən separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.

Vurğulanıb ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan dərk etməldir ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir. Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı