Taksilərlə bağlı qərar "Prius"ları ucuzlaşdıracaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti qərarına əsasən, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi fəaliyyəti göstərən minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunmayacaq.

Bu qərarın buraxılış ili köhnə olan avtomobillərə, xüsusən də "Toyota Prius" markalı avtomobillərinin qiymətinə təsir edəcəyi gözlənilir.

Məsələ barədə Metbuat.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, bu qərar ümumiyyətlə avtomobil bazarına təsir edəcək qərar deyil:


“Hesab edirəm ki, təsir olsa da bu çox minimal səviyyədə hiss edilə bilər. Bu barədə indi danışmaq çox tezdir. Bildiyiniz kimi, taksi fəaliyyəti ilə məşğul olan insanlara möhlət verilib. Qərara əsasən, iyul ayının birinə qədər taksi fəaliyyəti ilə məşğul olan insanlar həmin avtomobilləri qeydiyyatdan keçirə biləcəklər. Ümumiyyətlə, bazara təsir edən və qiymətlərin dəyişməsinə səbəb olan amillər başqadır”.

Ekspert onu da qeyd edib ki, qərarda əsas məqsəd taksi xidmətini daha keyfiyyətli və təhlükəsiz etməkdir.

Qeyd edək ki, yeni qərardan sonra bazarda satışa çıxarılan “Prius” markalı avtomobillərin sayı kəskin artıb. Bəzi məlumatlara görə, taksipark sahibləri hətta toplu şəkildə ucuz qiymətə sadalanan markadan olan avtomobilləri satışa çıxarıblar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı