Göz sağlamlığını qorumaq üçün bunları edin - Oftalmoloq məsləhəti

Deyirlər insanın kədərli və ya xoşbəxt olduğunu anlamaq üçün gözlərinə baxmaq kifayətdir. Biz gözümüzün vasitəsilə deyil, onların köməyi ilə görürük. Gözlə görülən təsvir beyin vasitəsilə görməyə çevrilir.

Metbuat.az xəbər verir ki, bu sözləri cərrah-oftalmoloq Aygün Nəbiyeva söyləyib.

Gözlərimizi təbiətdən verilən ən böyük bəxşişlərdən biri hesab edən həkim deyib: “Göz orqan olaraq sağlam olur, amma beynin görmə mərkəzi zədəli olduqda gözdə görmə olmaya bilər. Bəzən travmalar, onkoloji xəstəliklər, nəticəsində görmə tam itə bilər. “Toyuq korluğu” deyilən xəstəlik zamanı hətta ömürlük bəlli bir dozada A vitamini qəbul etməyi məsləhət görürük.

Təəssüf ki, son vaxtlar qadjetlər çox yayılıb və uşaqlar ondan həddindən çox istifadə edirlər. Bunun nəticəsi olaraq uşaqlarda göz quruluğu, zəif görmələr yaranır, miopiya xəstəliyi isə çox geniş yayılır”.

Aygün Nəbiyeva qeyd edib ki, gözlərin sağlamlığı üçün balanslı və vitaminli qidalanmaq lazımdır. A, E, D vitamini gözə lazım olan vitamin qruplarıdır. Badam, badam südü gözün qidalanması üçün çox faydalıdır. Balıq ətinin tərkibində olan “Omeqa-3” gözün arxa qişasında olan görmə mərkəzinin qidalanması üçün çox vacib elementdir. Sitrus meyvələrinin tərkibində olan C vitamini, kahı növləri, qaragilə, yerkökü, şirin kartof, balqabaq, qovun, ərik, ispanaq, qırmızı bolqar bibəri qəbul etmək lazımdır.

“Göz sağlamlığını qorumaq üçün maye-makiyaj materiallara da xüsusilə diqqətlə yanaşmaq tələb olunur. Əgər gözdə hər hansı bir infeksiya olubsa, o zaman layner və göz qələmindən istifadə etmək olmaz. Makiyajlı halda yatanda gözlərdə konyunktivit və iltihablanma əmələ gəlir. Ona görə yatmazdan qabaq mütləq onu təmizləmək lazımdır. Kompüterə baxanda fikrimiz monitorda olduğuna görə göz qırpmalarının sayı azalır, göz kifayət qədər yağlanmır və nəmlənmir. Xüsusilə ofis işçiləri bunu tətbiq etməlidirlər: 20 dəqiqədən bir 20 saniyə 20 metr uzaqlığa baxmaq tövsiyə olunur. Hər dəfə göz qapağı yumulub açıldıqca gözün ön təbəqəsi rahatlanır”, - deyə cərrah-oftalmoloq bildirib.

O vurğulayıb ki, görmə problemi olanlarda kontakt linzaların istifadəsi zamanı çox diqqətli davranmaq tələb edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı