Xəzərdə süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlandı

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd ölkəmizin turizm imkanlarının genişləndirilməsidir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov deyib.

Aparat rəhbəri bildirib ki, tikinti sahəsində məhdudiyyətlər investorlar üçün cəlbediciliyin qarşısını alır.

“Quruda olduğu kimi, Xəzərdə də yaradılacaq süni adalarda həyata keçiriləcək tikinti işləri qanun çərçivəsində, məcəllənin tələblərinə uyğun aparılacaq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarət ediləcək. Sənəddə mülkiyyət hüquqlarının qorunması da diqqətdə saxlanılıb.

Qanunvericiliklə qoruqların ərazisi dövlət mülkiyyətidir. Bizim yanaşmamız belədir ki, sahilboyu zolaq kimi süni ada da dövlət mülkiyyətidir”, - deyə R.İsmayılov diqqətə çatdırıb.

Tikintinin müddəti ilə bağlı məsələyə aydınlıq gətirən komitə rəsmisi icazənin müddətli olmasını məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, Xəzər dənizində torpaq sahələrinin yaradılması üçün tələb olunan vəsaiti nəzərə alaraq stimullaşdırıcı norma kimi qarşıya 3 il ərzində ərazini almaq öhdəliyi qoyulub. Bu müddət ərzində öhdəlik yerinə yetirilməsə, müqavilələrə xitam veriləcək.

Rəşad İsmayılov bildirib ki, qanun layihəsi təkcə Bakıya şamil olunmur. Süni adalar Nabranda, Lənkəranda və digər yerlərdə yaradıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı