Beyin ölümü və koma arasında nə fərq var? - AÇIQLAMA

“Beyin ölümü diaqnozunu həkim-reanimatoloq təsdiq edir. Eyni zamanda, həkim-nevropatoloq və ya neyrocərrah ikisi birlikdə sənədi imzalamalı və təsdiqləməlidirlər”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, bu xəstələrdə ruh bədəndən çıxır, o artıq meyid sayılır:

“Əgər klinik təsdiq edilibsə və bir instrumental metodla (beyinin ultrasəs və ya kompüter tomoqrafiyası) beyinə qan getmədiyi dəqiqləşirsə, vəfat edənin beyin ölümü keçirdiyini deyə bilərik. Bu zaman xəstə yaxınlarının beyin ölümü diaqnozu ilə bağlı hansısa şübhəsi qalmamalıdır.

Beyin olmadığı halda ürəyin işləməsi mexanizmi fərqlidir. Ürəyin hüceyrələri oksigenləşmiş qanla qidalanır. Nə qədər süni tənəffüs aparatına bədən bağlıdırsa, ürəklə yanaşı digər orqanları yaşatmaq mümkündür”.

Həkim qeyd edib ki, belə vəziyyətdə orqanların götürülməsi prosesini uzatmaq olmaz. Həmin meyiti maksimum 2 sutka saxlamaq mümkündür.

“Koma zamanı xəstə nəfəs alır, amma beyin ölümü xəstəsi nəfəs ala bilmir, onun ruhu çıxıb və o aparatda olsa belə, iki sutkadan sonra vəfat edir.

Əgər xəstəyə bitkisəl vəziyyətdə yaxşı qulluq olunarsa o oyana da bilər. Uşaqlarda bu vəziyyət fərqlidir. Ümumiyyətlə beyin ölümünü yoxlamaq üçün xüsusi kriteriya var”.

Qeyd edək ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində fəaliyyətə başladığı gündən iki beyin ölümü hadisəsi gerçəkləşsə də, həmin şəxsin orqanları qohumları tərəfindən icazə verilmədiyi üçün başqasına verilməyib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı