“Almatı görüşünün nəticəsindən ümidliyik” – Siyasi şərhçi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib. Qeyd edilib ki, görüş mayın 10-da Almatıda baş tutacaq.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mayın 10-da baş tutacaq görüşü Metbuat.az-a şərh edib. O bildirib ki, hazırda mövcud olan vəziyyəti müsbət qiymətləndirmək olar:

“Azərbaycan tərəfi də rəsmən bəyan edib ki, sülh məsələsinə, sazişin imzalanmasına yaxınıq. Hesab edirəm ki, bizim bu prosesi gerçəkləşdirməyə imkanımız var. Birgə ortaq komissiyaların səkkizinci görüşündə biz artıq sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı addımları razılaşdırdıq və atılmaqda davam edir.

Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu ərazisində otuza qədər sərhəd dirəyi artıq basdırılıb. Hazırda tərəflərin ortaq qərarlara gəlməsi üçün xüsusən Azərbaycan tərəfdən heç bir maneə yoxdur. Azərbaycan tərəfi bu prosesdə iradəlidir, qətiyyətlidir. Biz bu prosesi gerçəkləşdirməkdə maraqlıyıq və lazım olan addımları atırıq”.

Mübariz Göyüşlü qeyd edib ki, əgər Ermənistan kənardan ixrac olunan fikirlərlə, daxildə baş verən hansısa gərginliklərə görə fikrini dəyişib pozuculuq etməsə, Almatı görüşündə müəyyən razılıqlara gəlmək olar. Ekspert Qazaxıstanın da bu prosesdə iştirakını yüksək qiymətləndirib:

“Düşünürəm ki, bu cür platformalara ehtiyac var, nəinki vasitəçilərin göstərdiyi təşəbbüskarlıqlara. XİN başçıları arasında növbəti görüş Gürcüstanda, Tiflisdə də ola bilər. Sülh danışıqlarına aparan yolda daha fərqli platformalar da müəyyən etmək olar.

Bildiyimiz kimi, Moskva, Brüssel, Vaşinqton kimi platformalarda razılaşmaya gəlmək çətin oldu, çünki gərginliklər var. Amma belə platformalarda razılığa gəlmək olar. Hesab edirəm ki, COP29-a qədər belə kiçik addımlarla əsas nəticəni əldə edə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı