Sahibə Qafarova forumda COP29-dan danışdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanı Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verərkən səsləndirib.

Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olub.

Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Böyük Qayıdışla bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir.

Milli Məclisin sədri həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı