“Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilib - FOTO

Bu gün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, açıq məkan reklamlarının mətnləri üzərində aparılan monitorinqin nəticələrinə həsr olunmuş tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, üzvü professor Mahirə Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, dövlət qurumlarının rəsmiləri, ziyalılar, sahibkarlar, müxtəlif reklam şirkətlərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.

Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən S.Əliyeva ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Reklamlarda ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran natiq reklam sahəsində çalışan bəzi mütəxəssislərin dilimizin normalarını ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını təəssüflə bildirib.

Prof. S.Əliyeva mövcud qüsurların bir qismini isə əcnəbi dillərə meyillilik və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədə təqdim olunması səbəbi ilə izah edib, dövlət dilinin qorunması və inkişafına mənfi təsir göstərə biləcək mübahisəli məsələlərdə hər kəsi, o cümlədən reklam sahəsində çalışanları diqqətli və məsuliyyətli olmağa çağırıb.

“Açıq məkan reklamları və dilimiz” adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova açıq məkan reklamlarının (Bakı şəhərində yerləşən) monitorinqinə həsr olunmuş kitabda mağaza, dükan, ictimai-iaşə obyekt­ləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəz­lə­ri­, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də, sosial xarakterli mətnlərdə müşahidə edilmiş fonetik, leksik, qrammatik norma pozuntuları, üslub və ifadə səhvlərinin əhatə olunduğunu bildirib, 510 reklam mətnində aşkarlanmış 2300 norma pozuntusundan 2028-nin (918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhvi) hesabata daxil edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Günümüzdə geniş auditoriyası və küt­ləviliyi ilə fərqlənən, hər kəs üçün əlçatan olan açıq məkan reklamlarının qısa və yığcam olmasına baxmayaraq, dilin ən aktiv təbliğat vasitələrindən olduğunu bildirən G.Əmirova mövcud mətnlərdə Azərbaycan ədəbi dil normalarının kobud şəkildə pozulması hallarına çox rast gəlindiyini təəssüflə qeyd edib.

Müzakirələr zamanı qonaqlar açıq məkan reklamlarının mətnlərinin monitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcə də məlumatın doğru təqdim olunması işinə mühüm töhfə verəcəyini bildiriblər.

Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı