Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlandı

Ötən il 2022‑ci illə müqayisədə 18 yaşınadək anaların doğduğu uşaqların sayı 269 nəfər azalaraq 1742 nəfər olub.

Metbuat.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Hesabat dövründə Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Hamiləlik, uşağın doğulması və digər üzrlü hesab oluna biləcək səbəblər araşdırılmış nəticə olaraq keçən il 9 müraciət üzrə (Sabunçu rayonu‐4, Xəzər‐3, Suraxanı rayonu‐2) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

Müraciətlərlə əlaqədar vətəndaşlarla profilaktik söhbətlər aparılıb, ailələr nəzarətə götürülüb, qanunvericiliyin tələbləri izah edilib və erkən evliliyin qarşısı alınıb. 2022‑ci ildə 5 müraciət üzrə icazə verilib. Bu da onu göstərir ki, keçən il erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb.

Həmçinin yerli rayon icra hakimiyyətlərindən verilən məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022‑ci ildə 269) erkən evliliyin qarşısı alınıb.

Gədəbəy 29, Lənkəran 22, Abşeron 16, Şabranda 15 erkən evlilik cəhdləri olub və qarşısı alınıb. Bununla bərabər, 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 233 (2022‑ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 38 (nikah) azalma var.

Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyil olduğunu göstərir. 2022‑ci ildə Qazax‑Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyil olub. Xüsusilə Bərdə (26), Biləsuvar (21), Ağcabədi (20) və Yevlax (15) rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib.

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək rayonları) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR