Bakı, 6 iyun, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini futbol çempionatı başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 28-də start verilmiş turnirdə İqtisadiyyat və Sənaye Nazirliyi qurumlarının 13 komandası iştirak edib.
İyunun 6-da keçirilən final görüşündə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatı və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib.
Çempionatda ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, çempionatın qalibinə - “Azərlotereya” ASC-nin komandasına keçici kubok təqdim edilib.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini futbol çempionatı 2009-cu ildən etibarən hər il təşkil olunur.

