Bakı metrosunda iyun ayından bu yenilik olacaq - FOTO

Bakıda metrosunda iyun ayından etibarən yenilik tətbiq ediləcək.

Metbuat.az-a bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək:

"2023-cü ilin yay aylarından Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılıb, monitorinqin nəticələri əsasında mikroiqlim sisteminin vəziyyəti təhlil edilib. Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib.

Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır.

Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində olmaqla, "yaşıl" və "qırmızı" xətlərdə ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyalarda açıq sahələrin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə, işçi qrupların müntəzəm monitorinqləri aparılacaq".

Bəxtiyar Məmmədov vurğulayıb ki, üfürmə prosesindən sonra müvafiq metroloji vasitələr və ölçmələrlə tunellərin mikroiqlim vəziyyəti, sanitariya normalarının tələblərinə uyğunluğu təhlil olunacaq:

"Qeyd edək ki, əvvəlki dövrün pilot xarakterli tədbirləri stansiyalarda havanın hərarətinin bir qədər də endirilməsinə təsirini təsbit edib. Bundan əlavə, tunellərin üfürülməsinin oksigenin və rütubətin miqdarı, tozluluq dərəcəsi və bir neçə digər əsas mikroiqlim parametri üzrə ölçmələr də nəzərə alınmaqla, metropolitendə bioloji mühitin daha da yaxşılaşdırılması imkanları nəzarətdə saxlanılacaq. Qeyd edilənlər tunel geyimi, avadanlıqlar və digər infrastrukturun iqlim şəraiti və yeraltı mühitin neqativ təsirlərindən mühafizəsi baxımından da effektlidir".

Eyni zamanda, Bakı metropolitenində havalandırma imkanları baxımından müsbət dinamikanın təmin edilməsi ilə bağlı tədbirlər davamlı görüləcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı