ABŞ-nin Florida ştatının iki şəhərində 28 May tarixi Azərbaycanın Müstəqillik Günü elan olunub və bu tarixi günün şərəfinə Sanni Ayls Biç şəhərində Memorial skamya qoyulub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu gün ştatın hər iki şəhərdə bəyannamələrin təqdimetmə mərasimi və Memorial skamyanın açılışı olub.
Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova "Report"un ABŞ bürosuna açıqlamasında bildirib ki, rəhbərlik etdiyi cəmiyyətin müraciəti ilə Sanni Ayls Biç və Hallandeyl Biç şəhərlərinin meriyası tərəfindən 28 may 2024-ci il tarixi "Azərbaycanın Müstəqillik Günü" elan edilib:
"Bəyannamələrdə qeyd olunur ki, 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Sənədlərdə, həmçinin Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilməsi barədə ətraflı məlumat verilib. Mən bizə bu bəyannamələri təqdim edən və xüsusi təbriklərini göndərən Hallandeyl Biç şəhərinin meri Coy Kuper və Sanni Ayls Biç şəhərinin meri Larisa Sveçin və vitse-mer Aleks Lamaya xüsusi təşəkkür edirəm".
E.Bayramova qeyd edib ki, Sanni Ayls Biç şəhər meriyası onu ilk dəfə rəhbərlik etdiyi cəmiyyətin şəhərin ictimai və sosial həyatında aktiv fəaliyyətlərinə görə təşəkkürnamə məktubu ilə də təltif edib. Bununla yanaşı, E.Bayramovanın müraciəti ilə ABŞ-də ilk dəfə Sanni Ayls Biç şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş Memorial skamya qoyulub: "Sanni Ayls Biç şəhəri Floridanın ən çox səyahət olunan, gözəl turistik şəhərlərindən biridir və hər gün yüzlərlə insan skamyanın olduğu "Town Center" parkını ziyarət edir.
Memorial skamyanın açılışında Türkiyənin Mayamidəki baş konsulu Rəsul Şahinol, Sanni Ayls Biç şəhər meriyasınln komissarları Jeniffer Viscarra,Fabiola Stuyvesant, Cerri Cozef iştirak edib.
Skamyanın üstündə isə bu tarixi notlar öz əksini tapıb. («In Honor of May 28th- The Independence Day of Azerbaijan Commemorating the Birth of the First Democratic Republic in the East»).