İrəvan Qərbə doğru meyillənir - Regionda nələr dəyişəcək?

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması çoxdan hazırlanır. Bu da Qərbə doğru hərəkətin sürətlənməsi üçündür”.

Bunu Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, İrəvan indi də Belarus prezidenti Aleksandr Lukaşenkonun hərəkətlərini bəhanə gətirir:

“Onlar birbaşa Rusiya ilə əlaqəni kəsmək istəmirlər. Çünki iqtisadi maraqları var. Rusiyanın hərbi gücü, bazaları var. Ona görə də Rusiya ilə ikitərəfli münasibətləri saxlayırlar. Amma KTMT hərbi blok olduğuna görə Qərbdən də sifariş gəlib. İlk növbədə hərbi məsələlər həll olunmalıdır ki, Rusiya hərbi bloksuz qalsın.

Bu vəziyyətdə Ermənistanın KTMT-dən çıxması Rusiyanın mövqeyinə mənfi təsir göstərəcək. KTMT-də əsas qüvvə Rusiyadır. Başqa dövlətlərin hərbi qüvvələri orada iştirak etmir. Edirlərsə, o da formal xarakter daşıyır. Əslində bu, mənasız bir qurumdur”.

Siyasətçi vurğulayıb ki, Azərbaycanın bundan sonra regionda mövqeyi güclənəcək:

"Azərbaycanın KTMT-yə daxil olmağa ehtiyacı yoxdur. Ermənistanın Rusiya ilə çox yaxın olduğu dövrdə belə bir məsələ var idi. Azərbaycanın orada müşahidəçi kimi iştirakı ilə bağlı. Amma bunu rədd edirdik. Çünki orada işğalçı Ermənistan var idi. İndi Ermənistan faktoru aradan çıxıb.

Azərbaycanın həmin ittifaqa heç bir marağı yoxdur. Azərbaycan balanslaşdırılmış siyasət yeridir. NATO ilə bağlı da məsafə saxlayır. Eyni zamanda KTMT ilə bağlı məsafə saxlayır. Hərbi sahədə əməkdaşlıq, silah-sursat alınması mümkündür. Amma Azərbaycanın hər hansısa hərbi ittifaqa qoşulmağa ehtiyacı yoxdur".

Akif Nağı son olaraq bildirib ki, Qərbin Paşinyana ciddi dəstək verəcəyi inandırıcı deyil:

"Qərbin məqsədi odur ki, Rusiyaya qarşı Ermənistanı bir alət kimi istifadə etsin. Rusiyanın nüfuzunu aşağı salmaq üçün".

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı növbəti addımlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq olacağını bildirmişdi.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR