Sertifikasiya imtahanları təhsilin keyfiyyətinə xidmət edir? - TƏHLİL

Azərbaycanda müəllimlərin sertifikasiya imtahanı verməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çox insan təhsilin və təhsil verənlərin keyfiyyətinin artırılması baxımından bu imtahanların vacib olduğunu düşünür, digərləri isə müəllimlərin imtahandan keçirilməsinin onları nüfuzdan saldığını, eyni zamanda bir çox müəllimin işsiz qalmasına səbəb olduğunu düşünürlər. Bəs, mütəxəssislər sertifikasiya imtahanlarını necə dəyərləndirirlər?

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekspert İlqar Orucov düşünür ki, müəllimlərin sertifikasiyasının keçirilməsi, son illərdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə görülən ən yaxşı işlərdən biridir:

"Ona görə ki, biz zaman-zaman təhsildə keyfiyyətin aşağı olması barədə danışırıq, amma bu prosesdə ən vacib faktor olan müəllim faktoruna o qədər önəm vermirdik. Düşünmürdük ki, təhsilin keyfiyyətinin artırılması həm də müəllimin peşəkarlığından, onların biliyindən asılıdır.

Bu gün ola bilər ki, bir qism insan sertifikasiya imtahanından narazı olsun. Amma siz təsəvvür edin ki, bir müəllim işlədiyi müddətdə bizim gələcəyimizi nə qədər sual altında qoyur, bir şagirdin təhsili ilə bağlı hansı problemləri yaradır, fərqində deyilik bəlkə də. Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş imtahan ilə olanda da, bəzi qeyri-peşəkar insanların yanaşması belə idi. Onlar bunu qəbul etmək istəmirdilər və düşünürdülər ki, ənənəvi qəbul daha yaxşı olar".


İlqar Orucovun sözlərinə görə, normal biliyi olan heç bir şəxs imtahandan narazı olmamalıdır:

"Bir çox insanlar hətta düşünürlər ki, universitet diplom verirsə, işə qəbul imtahanı nəyə lazımdır? Yaxşı bəs, dövlət qulluğuna qəbul imtahanladır, prokurorluğa qəbul imtahanladır. Əgər bir insan biliyinə arxayındırsa, o hansı imtahandan narahat olmalıdır ki? Ona görə mən düşünürəm ki, müəllimlərin işə qəbul imtahanları da, sertifikasiya imtahanları da müsbət addımlardır. Mən setifikasiyanın tərəfdarlarındanam.

Sertifikasiya imtahanlarındakı suallara cavab verə bilməyən müəllimin sinif otağında nə işi var? Məncə yaxşı müəllimlər bu imtahanlardan narazı ola bilməz və deyil. Əksinə, müəllimlər bunun tərəfdarı olmalıdırlar. Çünki sertifikasiya nəticəsində onların maaşları qalxır. Əgər yaxşı müəllimsənsə, fərqlənəcəksən".

Mövzu ilə bağlı tanışan təhsil eksperti Kamran Əsədov isə deyib ki, sertifikasiya imtahanları çalışqan və passiv müəllimlərin bir-birindən fərqləndirilməsinə şərait yaradır:

"Sertifikasiya müəllimlərin əməkhaqqını bilik və bacarıqlarına uyğun müəyyənləşdirən bir qaydadır. Bu gün Azərbaycanda 4432 təhsil müəssisəsində 150 min müəllim çalışır. Etiraf edək ki, tədris zamanı müxtəlif imkanları səfərbər edən və passiv olan müəllimlər eyni əməkhaqqını alırlar. Sertifikasiya həm də çalışqan müəllimləri digər müəllimlərdən fərqləndirən bir prosesdir. Əlbəttə ki, 2022-ci ildə bu proses başlayanda biz gözləyirdik ki, hər fənn üzrə minimum 10-12% müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki 2014-2018-ci illərdə keçirilən diaqnostika imtahanlarında gördük ki, müəllimlər öz üzərlərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya həyata keçirilir.

Bildiyiniz kimi, sertifikasiyadan sonra artıq 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, bu insanların təhsil sistemində yenidən işləmək hüququ məhdudlaşdırılır, xeyr. Sertifikasiyadan kəsilən müəllimlər növbəti ildən MİQ vasitəsi ilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddətdə öz üzərlərində çalışsalar və bilikləri yetərli olsa, yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək, bu şəxslərin məktəblərdə digər vəzifələrdə çalışmasında maraqlıdır, çünki bu şəxslərin məktəblə bağlı təcrübələri var".


Təhsil eksperti təcrübəsi yüksək olan müəllimlərin imtahana cəlb edilməsindən danışarkən bildirib ki, bütün müəllimlər müasir dövrün tələblərinə uyğun olmalıdır:

"20-30 il iş tərcübəsi olan müəllimlərin sertifikasiyaya cəlb olunması normaldır. Müasir dövrün tələbləri var. BMT-nin 2030-cu il ilə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsidir. Burada əsas məqsəd dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır. Daha yüksək ixtisaslı, şagirdlərlə işləyə bilən, ixtisasını yaxşı bilən müəllimlər lazımdır. Bu məsələyə belə baxmayaq ki, biz 4 min insanı itirdik. Xeyr. Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı, gənc və enerjili şəxsləri MİQ-dən qəbul edəcəyik. Kimsə desə ki, gənclər sinfi idarə edə bilmirlər, yalnışdır. Biz o gənclərə də şans verməliyik".

Kamran Əsədov onu da vurğulayıb ki, bir çox müəllimin biliyi yetərli deyil və bu, təhsil alan şagirdlərin gələcəyinə təsir göstərir:

"Sertifikasiya imtahanlarında müəllimlərə əlavə suallar verilməyib, onların 20-30 ildir hər gün dərs dediyi mövzulardır. Həmin müəllimlərin özlərinin öyrətdikləri, dərs deyib, maaş aldıqları mövzulardan suallar verilib. Və onlar çox təəssüf ki, 0-29 bal arası nəticə göstəriblər. Dünyada bu təcrübə var, hətta daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi, keçən il kəsilənlərə bir il şans verdi ki, öz üzərinizdə çalışın. Amma nə baş verdi? Biz gördük ki, həmin müəllimlər özlərini inkişaf etdirmək yerinə, əyri yollara əl atmağa çalışdılar. Kimlərisə tapırdılar ki, bəlkə bizə qiymət yazacaq. Bu, yaxşı yanaşma deyil.

Bu gün bizim müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyirlər. Bu o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirir. Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik, uşaqlarımızın göstəricilərindən narazı oluruq. Çünki onlara dərs deyən müəllimlərin konfidensiyaları yüksək deyil. Təsəvvür edin, iki strateji ixtisas var - ibtidai sinif müəllimliyi və azərbaycan dili müəllimliyi. Bunlar arasında bu qədər müəlim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların məktəblərdə qalmağında maraqlı olmamalıyıq. Sertifikasiya imtahanları növbəti illərdə daha da çətin olmalıdır ki, biz daha peşəkar müəllimlər qazanaq".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR