"ABŞ-də anti-Azərbaycan kampaniyası planlı şəkildə koordinasiya olunur"

ABŞ Konqresinin Azərbaycana qarşı münasibəti həmişə ədalətsiz olub, ikili standartlara əsaslanıb. Torpaqlarımız 1990-cı illərdə işğala məruz qalanda, talan ediləndə də qeyri-standart davranıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Bu gün də eyni siyasəti davam etdirir.

O baxımdan ABŞ Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşuvə ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə bu günlərdə Azərbaycana qarşı yeni qərəzli qətnamə layihəsinin irəli sürülməsinə əhəmiyyət verməmək də olardı. “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı bu layihəni də indiyədək ABŞ Konqresində ölkəmizə qarşı irəli sürülmüş digər iftira dolu layihələrdən biri kimi dəyərləndirmək olardı.

Amma ABŞ Konqresindəki indiki təşəbbüsə diqqət yetirməyi zərurətə çevirən nüanslar vardır. Belə ki, son bir həftə ərzində təkcə ABŞ Konqresində deyil, həm də ABŞ-də mənzillənmiş ayr-ayrı beynəlxalq statuslu təşkilatlar tərəfindən də xüsusi bir anti-Azərbaycan kampaniyasının keçirildiyi müşahidə olunur. Fikrimizi təsdiqi üçün deyə bilərik ki, ABŞ Konqresində “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı layihə irəli sürüldüyü bir vaxtda, “Freedom House” təşkilatı da paralel bir kampaniya başladıb. Təşkilat “Dağlıq Qarabağda niyə ermənilər yoxdur” adlı xüsusi hesabat icmalı hazırlayaraq yayıb və həmin hesabatda Azərbaycana qarşı çox ədalətsiz ittihamlar irəli sürüb. Həmin hesabat ABŞ-də mənzillənmiş bir sıra digər təşkilatlar tərəfindən də dəstəklənib. Sıralarında “Freedom House” ilə yanaşı, “International Pertnership For Human Rights, Democracy Development Foundation”, “Protection of Rights Without Borders NGO”, “Law Development and Protection Foundation”, “Open Society Foundations” və s. təşkilatlar vardır. Nümunələrin sayını artırmaq da olar. Amma çıxan nəticə birdir.

Çox aydın şəkildə görünür ki, ABŞ-dəki bu kampaniyalar xüsusi çevrələr tərəfindən məqsədli şəkildə koordinasiya edilirlər. ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvlərinin irəli sürdükləri layihə ilə beynəlxalq statuslu QHT-lərdən təşkil edilmiş “qara şəbəkə”nin eyni mərkəzdən koordinasiya edilməsinə şübhə yoxdur. Məsələ ondadır ki, 30 ilə yaxın müddətdə 1 milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, “Freedom House”, “Soros Fondu” kimi qurumlar heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi “Beynəlxalq Cinayət Məhkəməsi” ilə hədələyir. Təbii ki, bu cür hədyanlar Azərbaycan ictimaiyyətini haqlı olaraq hiddətləndirir.

Bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir, qərəz, riyakarlıq, siyasi sifariş, ikili standartlar nümunəsidir. Azərbaycanı iftira dolu bu cür kağız parçaları ilə yolundan döndərmək mümkün deyil. Azərbaycan qanı və canı bahasına öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, müharibədə özünü ləyaqətlə aparıb, dinc insanlar heç vaxt Azərbaycan Ordusunun hədəfi olmayıb. Bu gün azad edilmiş ərazilərdə dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş köçkünlərin problemləri, ərazinin 1.5 milyondan çox mina və PHS ilə çirkləndirilməsi ABŞ-nin bu cür təsisatlarını qayğılandırmır.

Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı