Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib.
"Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə nazir vurğulayıb.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir.