Ukraynanın vəziyyəti daha da pisləşəcək - Politoloq

"Ukraynanın acınacaqlı vəziyyətə düşməsini artıq onun arxasında dayananlar və sona qədər onu dəstəkləyəcəklərinə söz verənlər də başa düşür. Rusiya hər keçən gün hücumu genişləndirir və yeni-yeni Ukrayna ərazilərini öz torpaqlarına qatır. Qərb ölkələri və ABŞ-nin yardım planları və təqdim etdiyi silah-sursat Kiyevin yardımına çata bilmir. Digər tərəfdən, məğlubiyyəti qəbul edib Rusiya ilə danışıqlar masasına oturmaq da istəmirlər. Belə olan halda hadisələrin gələcək inkişafı necə olacaq? Ukraynanı qarşıda daha hansı faciələr gözləyir?".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Rusiya diktə etdiyi şərtlər daxilində atəşkəsə nail olmaq və müharibəni bitirmək haqqında təkliflərini səsləndirir:

"Ukrayna və onun arxasında dayanan, eləcə də onu müharibəyə sürükləyən qüvvələr müharibənin bu vəziyyətdə başa çatmasını istəmirlər və ona razılaşmaqda çətinlik çəkirlər. Bununla da Ukraynanı daha dərin uçuruma salırlar. Amma hələ ümid ölməyib və Qərbdə NATO-nun iyulun 9-11-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək sammitə böyük ümid bəsləyirlər. Bu sammit bildiyimiz kimi, hərbi blokun yaradılmasının 75-ci ildönümünə həsr ediləcək və Ukraynadakı vəziyyət müzakirə olunacaq əsas məsələlərdəndir".

Politoloqun sözlərinə görə, bu sammit Ukraynaya yardım istiqamətində atılan sonuncu addımlardan biri kimi yadda qalacaq:

"Ondan sonra gözlər ABŞ-dəkı seçkilərə çevriləcək. Bu seçkiyə qədər Rusiya istədiyini alacaq və Ukraynanın vəziyyəti daha da pisləşəcək. Daha sonra isə, ABŞ-da yeni prezident və bu prezidentin Ukrayna-Rusiya müharibəsini dayandırmaq haqqında təşəbbüsləri. Nəticədə Ukrayna, həm də Qərb məyus şəkildə Rusiya ilə razılığa gələcək.

Qərb və ABŞ-nin Ukraynaya bu münasibəti fonunda müharibənin onun üçün uğurla bitəcəyini gözləmək sadəlövhlük olardı. Amma siyasətin öz qanunları var və orada heç vaxt heç vaxt demirlər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı