Daha az risk dövlətlə əməkdaşlıq edən qurumlardadır - Ekspert

Son dövürlərdə ölkəmizdə kiçik və orta sahibkarlıq anlayışı geniş vüsət alıb. İnsanlar riskləri gözə almadan bu sahəyə atılır və özlərinə biznes qurmağa başlayır.

Bəs ölkəmizdə qismən az riskli biznes və xidmət sahələri hansılardır?

İqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, dünyada belə bir tendensiya var ki, bütün sahələr risk əhəmiyyəti daşıyan sahələrdir.

Onun sözlərinə görə, elə sahələr var ki, bir sahə digərinə nisbətən daha az risk daşıyır: "Bu risk faktorları bir çox meyarlar ilə müəyyən olunur. Məsələn, yatırılan investisiya və onun geri dönmə əmsalı, göstərilən fəaliyyət sahəsinin ağırlığı, iqtisadi, siyasi, hətta sosial amillərin içərisində qanunauyğunluqlara uyğunlaşmaq.

Xüsusilə az risk daşınan sahələr daha az yatırım etdiyimiz sahələrdir. İnsanlar daha böyük yatırım etdiyi zaman daha böyük risklərə məruz qalır. Ümumiyyətlə, risk əmsalından asılı olmayaraq istənilən sahə ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslər mütləq həmin işə başlamazdan əvvəl bir sıra amilləri nəzərə almalıdır”.

Ekspert qeyd edir ki, müəssisənin adının düzgün seçilməsi belə bütün planlaşdırma fəaliyyətinin düzgün aparılmasına gətirir. Hər bir sahibkar öz biznes planını düzgün aparmalı, analizləri təhlil etməli, öz güclü və zəif tərəflərini, daxili və xarici faktorları müəyyənləşdirməlidir. İlkin olaraq müəyyən etməliyik ki, hər yatırdığımız bir manat bizə nə qədər geri dönüş edəcək. Yəni ölçü meyarları əvvəlcədən düzgün şəkildə müəyyən edilməlidir.

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı bir sıra addımlar atılır və investisiya mühiti əvvəlki illərə nisbətən daha çox inkişaf edib. Hətta xarici investorların Azərbaycana üz tutması da məhz bu səbəbdəndir".

İqtisadçı ekspert Elşad Məmmədov isə bildirib ki, Azərbaycanda biznes qurumlarında daha az risk göstəriciləri və əmsalları dövlət ilə əməkdaşlıq edən qurumlarda müşahidə edilməkdədir. İqtisadçının sözlərinə görə, Azərbaycan dövləti həm xarici tərəfdaşları ilə, həm daxili bazardakı biznes qurumları ilə, həm də daxili bazarda fəaliyyət göstərən xarici şirkətlərlə biznes münasibətlərinin qurulmasında məsuliyyət amilini mərkəzdə saxlayır. Bununla yanaşı, gündəlik təlabat məhsulları sektoru biznesin sabitliyi və risklərin azalması nöqteyi nəzərindən önəmlidir.

“Ümumiyyətlə, iqtisadiyyatda tələbin elastikliyi amili var. O sahələrdə ki tələb sabitdir, orada bazara məhsul ilə çıxan biznes qurumları daha az risklər hiss etməkdə olur. Risklərin də az olduğu sahələr əczaçılıqla, təhsil xidmətləri ilə bağlı olan sahələrdir. Yəni bu istiqamətlər biznesin daha az risklərə məruz qaldığı sahələrdir”.

Mədinə Zaur \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı