Onlayn mağazalardan ağlasığmaz fırıldaq - XƏBƏRDARLIQ

İnstagramda, yaxud digər sosial şəbəkələrdə onlayn mağazalar fəaliyyət göstərir ki, bunlardan bəziləri də fırıldaqçılıqla məşğuldur. Yəni, məhsul müştəriyə təhvil verilmədən öncə şərt qoyurlar ki, məhsulun qiymətinin tam məbləği yaxud bir hissəsi ödənilməlidir. Ödənişdən sonra isə müştərini bloka atır, yaxud səhifəni silirlər. Bəs belə risklərdən necə qorunmaq olar? Ümumiyyətlə onlayn alış-veriş zamanı insanlar nələrə diqqət etməlidirlər ki, ziyana düşməsinlər?

Metbuat.az Yenisabah.az-a istinadən bildirir ki, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bu barədə bəzi məqamlara toxunub:

“Sadəcə məntiqli davranmalıyıq. Unutmamaq lazımdır ki, bəzən tanıdığımız insanlara etibar etməkdə çətinlik çəkdiyimiz halda, tanımadığımız və hüquqi ünvanı olmayan, cəmiyyətdə etibarı yaranmamış hər hansı birinə və ya alış-veriş səhifəsinə şərtsiz inanmaq bir az sadəlövlükdür. Təbii ki, cəmiyyətdə qarşılıqlı etibarsızlıq mühitinin yaranmasını əsla arzu etmirik. Amma xəbərlərdən, olan hadisələrdən dərs çıxararaq, daha diqqətli davranmalıyıq. Kiberdələduzların zamanla müxtəlif yollarla insanları aldatmağa çalışdıqlarını nəzərə alaraq, onlar üçün, münbit ola biləcək, heç bir boşluğa icazə verə bilmərik”.

Ekspert, həmçinin, ehtiyat tədbirlərindən söz açıb:

Rəsmi və tanınmış mağazaların səhifələrindən alış veriş etmək ən təhlükəsiz yollardan biridir. Sosial şəbəkədə “mavi təsdiq” işarəsinin olmasına diqqət yetirilməlidir. Təsdiq olmadığı halda uzaq durmaq məsləhətdir.

Rəsmi mağazaların səhifələri müştəri münasibətlərinə xüsusi diqqət edirlər. Rəsmi mağazaların özlərinin online ödəmə sistemi yoxdursa, müştəriyə istədiyini təqdim etmədən ödəniş tələb etmirlər. Ölkədaxili online alış-veriş səhifələri isə, əsasən qapıda ödəmə sistemi ilə işləyirlər. Məhsulu əlinizə alıb yoxlamadan həmin mal üçün ödəmə etməyin. Məhsul təhvil verilmədən əvvəl ödəniş tələb edən mağazalardan ümumiyyətlə uzaq durun.

Etibarlı ödəniş sistemlərində istifadə edilməlidir. Sizə təqdim olunan linklərə onların kök domeninə xüsusi diqqət yetirmək lazımdır. Şübhə varsa kart məlumatlarını daxil etməmək və məlumatlı şəxsə müraciət etmək lazımdır. Ödənişlərin tanınmış ödəmə sistemləri ilə olmasına xüsusi diqqət yetirmək lazımdır. Sizin adınıza və sizin üçün yaradılmış koda ödəniş etmək olar. Əks halda kiminsə kartına və ya nömrəsinə uzaqdan ödəniş düzgün deyil”.

B.Əliyev vətəndaşlara tövsiyə edir ki, hər hansı bir problem halında əlaqə saxlamaq üçün, mümkün olan əlaqə məlumatlarını, və əlaqə formasını yoxlamaq mütləqdir:

“Digər müştərilərin rəyləri və təcrübələri sizi mağaza haqqında məlumatlandıra bilər. Haqqında rəy olmayan və ya 1-3 müsbət rəy varsa və mənfi rəy yoxdursa, bu şübhə üçün, əsas verə bilər. Hər hansı bir problem yaşayan digər alıcıların nə dediyini bilmək faydalıdır. Rəylər online alış verişdə müştəri üçün, ciddi əhəmiyyətə sahibdir. Digər alıcıların təcrübələri və rəyləri sizi bir mağazanın etibarlılığı haqqında məlumatlandıra bilər. İnternetdə axtarış edərək və ya sosial media platformalarında müştəri rəylərini yoxlamaq lazımdır.

Online mağazadan məhsul sifariş etmədən əvvəl, şərtləri diqqətlə oxumaq lazımdır. Özünüzü qorumaq üçün, mağaza haqqında məlumat toplamaq və dəqiqləşdirmək lazımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı