Dünəndən hamı ondan danışır - Xalq artisti Ağadadaş Ağayevin “balta fədakarlığı”ndan. Xalq dünəndən iki hissəyə bölünüb – Ağadadaş Ağayevi müdafiə edənlər və onu qınayanlar. Dünən əksəriyyəti Xalq artistinin müdafiəsinə qalxdı, əsasən də sənət adamları. Dedilər ki, bəs gözətçi Xalq artistinə əl qaldırmalı deyildi, xəstə adamdı, yaşlı adamdı və ən əsası Xalq artistidir.
DİN-in Mətbuat xidməti hadisə ilə bağlı dərhal məlumat yaydı ki, Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayev xuliqanlıq zəminində onu söyərək təhqir edib, əlindəki balta ilə onu hədələyib. N.Cəlilov daha sonra izahatında göstərib ki, A.Ağayev baltanı ona tərəf atıb, nəticədə orada çalışan N.Paşayeva ayaq nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Məlumatdan bir-neçə dəqiqə sonra hadisənin videosu yayıldı. Məlum oldu ki, Ağadadaş Ağayev gözətçi tərəfindən xüsusi amansızlıqla döyülüb. Hadisədə xəsarət alan isə klinikanın işçisi olan qadın deyil, Ağadadaş Ağayev özüdür.
Bundan sonra camaat bir az da hay-küy qaldırdı, sosial şəbəkələrdə gözətçini söyənlərin sayı durmadan artdı. Biri bu məlumatı yayanları qınadı, biri Xalq artistinin nüfuzuna xələl gələcəyini car çəkdi, biri klinikanın arxasında hansısa məmurun dayandığını və buna görə də Xalq artistinə qarşı qara-piar aparıldığını dedi və sair.
Bir-iki saat da bu müzakirə olunandan sonra bir məlumat da ortaya çıxdı. Məlumat yayıldı ki bəs, Ağadadaş Ağayevi döyən gözətçi saxlanılıb. Yenə bu şaiyə aləmi qarışdırdı və Daxili İşlər Nazirliyi növbəti məlumatı yaydı. Məlumatda bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, Xalq artisti Ağadadaş Ağayev və N. Cəlilov adlı gözətçi məsuliyyətə cəlb olunub.
Paho, elə hər şey də bundan sonra başladı. Başladılar ki, Xalq artisti zərərçəkmişdi, o məsuliyyətə cəlb olunmamalıdır. Bəs bu Xalq artistidir, onun məsuliyyətə cəlb olunması düzgün deyil, xalqı biabır edirik, özümüz özümüzü gözdən salırıq, xalqın sevimli artistini ləkələmək olmaz, nə bilim nə.
Bunu müdafiə edən də xalqdı ha, başqa ölkənin vətəndaşı, başqa xalqın nümayəndəsi deyil. Azərbaycanın Xalq artistinin müdafiəsinə qalxan elə Azərbaycan xalqıdır.
Sual yaranır ki, niyə? Məgər həmin o xalqın artisti dediyimiz Ağadadaş Ağayevin hücum çəkdiyi adam bizim xalqın nümayəndəsi deyil? Xaricidir? Azərbaycan xalqının kasıb təbəqəsi, sutkalarla yuxusuz qalıb hansısa bir obyekti qoruyub evinə çörəkpulu aparan bir şəxsi əzmək, ona balta atmaq xalqa yaraşır yoxsa xalqın artistinə? Səni ucaldıb xalqın içindən seçən, Xalq artisti edən, ən ali xalq mükafatlarına layiq görən bir xalqa balta atan Xalq artistinə xalq olaraq hansı xal qazandırırıq? Azmı baltalanıb bu xalq, azmı əzilib bu xalq? Mənfur qonşularımız, ikili standartlar yürüdən beynəlxalq qurumlar, hegemon dövlətlər tərəfindən uzun illər baltalanan bir xalqa indi də Xalq artisti balta atır? Və xalq da balta ilə xalqa hücum edən Xalq artistini müdafiə edir? Necə düşünürdünüz? Gərək gözətçi həmin anda gəlib Ağadadaş Ağayevin qarşısında əyilib deyərdi ki, baltala məni, Ağadadaş? Yoxsa deməli idi ki, vur Ağayev, vur?
Bərəkallah! Elə biz doğrudan da baltalanmalı xalqıq!