İyulun 26-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.
Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın ümümmilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksədiyini qeyd edib.
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışaraq, bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.
Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə qonaqları məlumatlandırıb.
Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib. Sədr azərbaycanlı və türkiyəli hüquqşünaslar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.