"Qarabağ" yeni qapıçı transfer edəcək - Qurbanov

Bu qarşılaşma bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Oyuna pis hazırlaşmamışıq.

Metbuat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis çox yaxşı müdafiə olunmağı bacaran komandaya qarşı mübarizə aparacaqlarını bildirib: “Doğma meydanda ilk oyunumuzu keçirəcəyik. İlk görüşdə qələbə qazandıq. Bu bizim üçün olduqca vacib oyundur. Qalib gəlsək, UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik. Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq”.

Baş məşqçi yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istədiklərini söyləyib: “Mövsümün gedişində futbolçularımızın bəziləri zədələnə bilər. Amma hazırda komandamızda zədə ilə bağlı problem yoxdur. Bildiyimiz kimi, sadəcə Musa Qurbanlı əməliyyat olunub. Başqa itkimiz yoxdur”.

O, yeni qapıçı axtarışında olduqlarını da deyib: “Sonuncu dəfə Şahrudin Məhəmmədəliyevi heyətimizə qatdıq. Amma o, hazır vəziyyətdə deyil. Ümid edirəm ki, qısa zamanda hər şey yaxşılaşacaq. Biz daha bir qapıçı transfer etmək niyyətindəyik. Hətta iki gün öncə bir qapıçını heyətimizə qatmaq üzrə idik, lakin müəyyən səbəblərdən alınmadı”.

Q. Qurbanov avrokuboklarda mübarizə aparan digər Azərbaycan təmsilçilərinə də uğur arzulayıb.

Qeyd edək ki, iyulun 30-da komandalar arasında oynanılacaq cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı