Bu məscidlərə din xadimləri təyin olundu

İşğaldan azad edilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.

Bu barədə Metbuat.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.

Dövlət Komitəsinin sədri Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbədən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin və xalqının öz dini və tarixi-mədəni irsinə nə qədər bağlı olduğunu sübut edir.

R.Məmmədov İslam dininin əsaslarının olduğu kimi insanlara çatdırılmasında, dini və ideoloji sahədə aparılan maarifləndirmə işlərində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, azərbaycançılıq ideyalarının təbliği, milli-mənəvi dəyərlərin, tarixi-dini ənənələrin qorunması din xadimlərinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.

Din xadimləri işğaldan azad olunmuş ərazilərdə tikilən məscidlərə təyin olunmalarından qürur duyduqlarını vurğulayıblar. Dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək, məscidlər və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı