​Dezinformasiyaya qarşı mübarizə prosesində tətbiq edilən vasitələr

“Saxta xəbər”in kəmiyyət baxımından artması, qlobal informasiya məkanında yüksək paya malik olması ona qarşı mübarizə tədbirlərinin görülməsini zərurətə çevirir. “Feyk xəbər”lə mübarizə tədbirləri 3 istiqamət üzrə təsnifatlaşdırılır.

İlk istiqamət maarifləndirmə və məlumatlandırma tədbirlərini ehtiva edir. Belə ki, “feyk xəbər”in sürətli artımının səbəbi uzun illər ərzində internetin inkişafı, onlayn media resurslarının, xüsusilə, sosial şəbəkə platformalarının çoxalması ilə əlaqələndirilib. Ehtimal olunub ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması “feyk xəbər”lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilib.

İnternet informasiya resurslarında etik prinsiplərin qorunması üçün “Netiket” adlandırlan qaydalar toplusunun ilk nümunəsi 1980-ci illərin sonunda məşhur “Fidonet” şəbəkəsinin üzvləri tərəfindən yaradılıb. Sonralar veb-şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb. “İnternet Sosiety” Təşkilatı 1995-ci ildə internet istifadəçiləri üçün təkmilləşdirilmiş kodeksi (“RFC-1855” Request for Comments) dərc edib. Bu kodeks internet informasiya resurslarında şəxsiyyət əleyhinə təhqir, plagiat halları ilə yanaşı, yalan informasiyanı da yasaqlayır.

“Web-2” konsepsiyanın müəllifi Tim Oreyli və “Vikipediya” sisteminin yaradıcısı Cimmi Uels tərəfindən “bloggerin davranış Kodeksi” adlı xüsusi kodeks tərtib olunub. 7 bənddən ibarət olan bu Kodeks insanı təhqir və təhdid edən, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edən, müəllif hüququnu pozan və nahəyət, yalan məzmun daşıyan kontentin yayılmasını yolverilməz sayır.

Ötən illər ərzində “Netiket”lərlə yanaşı, “Etik xartiya”lar da tərtib olunub. Beynəlxalq Jurnalistlər Federasiyası (JBF-IFJ) tərəfindən hazırlanan, 12 iyun 2019-cu ildən qüvvəyə minən “Jurnalistlərin Beynəlxalq Etika Xartiyası” təkcə media subyektlərində dərc edilən məlumatları deyil, həm də internet informasiya resurslarında yayılan məzmunu əhatə edir. Xartiya istənilən platformada yalan, saxta xəbərin tirajlanmasını pisləyir (https://www.ifj.org/who/rules-and-policy/global-charter-of-ethics-for-journalists).

Beynəlxalq jurnalist təşkilatları bildirirlər ki, yeni texnologiyalar, xüsusilə, “süni intellekt” dezinformasiyaların yayılması üçün münbit şərait yaradır. Bu kontekstdə hazırlanmış “Paris Xartiyası” süni intellektin etik standartlarını müəyyən edir ki, o da plagiat, “fake xəbər”, həmçinin, dezinformasiyanın yayılmasına qarşıdır. “Süni intellekt və jurnalistika üzrə Paris Xartiyası” 10 noyabr 2023-cü ildə beynəlxalq jurnalist təşkilatının birgə fəaliyyəti ilə hazırlanıb. Xartiyanı 17 beynəlxalq jurnalist təşkilatı imzalayaraq qəbul edib və bununla da sənəd beynəlxalq status qazanıb. 10 maddədən ibarət olan Xartiya yalan, qərəz və qeyri-dəqiq məzmundan ibarət olan məlumatların yayılmasını yolverilməz sayır. (https://rsf.org/sites/default/files/medias/file/2023/11/Paris%20Charter%20on%20AI%20and%20Journalism.pdf).

“Saxta xəbər”in yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Netiket”, “Kodeks” və “Xartiya”larla yanaşı texniki alətlərin tərtibinə də önəm verilir. Beləliklə, “Feyk xəbər”lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni, texniki tətbiqlər gündəmə gəlir.

Məşhur “Fakt yoxla” (Fact-checking) platforması bu məqsədlə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların yoxlanılmasına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. “International Fact-Checking Network” bu sahədə nümunəvi örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır. Fakt yoxla funksiyası daşıyan milli saytın Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin üzvü olması bu təşkilatın etibarlılığını müəyyən etməyə yardım göstərir ( https://en.wikipedia.org/wiki/List_of_fact-checking_websites). 2015-ci ildə Poynter İnstitutu tərəfindən yaradılmış Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi (İFCN) faktların yoxlanılması ilə məşğul olan üzv təşkilatlar üçün etik kodeks tərtib edib. IFCN lokal fakt-yoxlayıcılarının fəaliyyətlərinin bu kodeksə uyğunluğunu yoxlayır və müsbət nəticə əldə edənlərə sertifikat verir. "Fakt-cheker"lər hər il təkrar yoxlamadan keçməlidirlər. IFCN 2024-cü ilin iyul ayına kimi 170 təşkilatı üzv kimi siyahıya alıb.

Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (IFLA) isə insanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazırlayıb. Sənəddə əks olunmuş 14 bənddən 2-si xüsusilə diqqət çəkir. Qeyd edilir ki, “feyk xəbər”i gerçək xəbərdən fərqləndirmək üçün öncə müəllifin, sonra da istinad olunmuş mənbənin legitimliyini yoxlamaq lazımdır ( https://repository.ifla.org/handle/123456789/167 ). Yəni, əgər mənbə və müəllif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır.

Amma tətbiq edilən bütün bu proqramlar, texniki alətlərin tətbiqi və maarifləndirmə tədbirləri saxta xəbərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi odur ki, “Fake news” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Məsələn, əvvəlki məqalələrimizdə ABŞ və onun prezidentinin çıxışlarından nümunə verdik. Legitim mənbə hesab olunan bu təsisatların özlərinin dezinformasiya yayıcısı rolunda çıxış etmələri “feyk xəbər”i qarşısıalınmaz müşkülə çevirir. Problem qloballaşır və ona qarşı komleks proqramların hazırlanması, qanunvericilik müstəvisində mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, “feyk xəbər”lə mübarizə tədbirlərinin 3-cü istiqaməti - hüquqi-inzabiti yolla tənzimləmə metodu ortaya çıxır.

Bu baxımdan, ayrı-ayrı dövlətlər tərəfindən təşəbbüslər göstərilir. Məsələn, “Dezinformasiyaya qarşı mübarizə qanunu” formasında hüquqi aktlar tətbiq edilir.

Növbəti məqalələrimizdə saxta xəbərə qarşı mübarizdə hüquqi-inzibati vasitələrdən istifadə edən dövlətlərin təcrübələri barədə nümunələr veriləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı