İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı oldu - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

Metbuat.az xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.

Sercio Mattarella dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdırdı.

O, Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyərək 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğuladı.

Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırladı.

Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğuladı, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd etdi. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulandı. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olundu.

Söhbət zamanı humanitar və mədəni əlaqələrin önəminə toxunuldu, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd edildi. Burada təhsil alan tələbələrin gələcəkdə ölkələrimiz arasında dostluğun elçiləri olacaqlarına və münasibətlərimizin inkişafına töhfə verəcəklərinə əminlik bildirildi.

İtaliya-Azərbaycan Universitetinin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.

İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu dedi və ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğuladı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yekdil dəstəyinin ifadəsi, eyni zamanda, ölkəmizə olan etimadın göstəricisidir. Dövlətimizin başçısı COP29 - beynəlxalq iqlim dəyişikliyi məsələlərində Azərbaycanın İtaliya ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan 2019-2023-ci illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsidir, Qərb, o cümlədən Avropa ilə sıx əlaqələri mövcuddur. Dövlətimizin başçısı Azərbaycanın COP çərçivəsində də iqlim məsələləri üzrə həmrəyliyin təşviq edilməsi istiqamətində səy göstərəcəyini vurğuladı.

Prezident Sercio Mattarella ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini deyərək, İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd etdi.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğuladı və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu dedi. Bununla belə, dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi Avropa ölkələri bu əlaqələrin inkişafına maneə yaradırlar. Regionda sülh gündəliyinə toxunan Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün, bu müqavilənin əsasını təşkil edən prinsiplərin, eyni zamanda Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğuladı.

Dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi nailiyyətlərin əldə edildiyini, ikitərəfli xarakter daşıyan bu proses çərçivəsində artıq 12 kilometrdən çox sərhədyanı ərazinin həm də demarkasiya olunduğunu, 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndinin də ölkəmizin nəzarətinə qaytarıldığını bildirdi. Dövlətimizin başçısı buna baxmayaraq Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğunu qeyd edərək, Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının önəmini vurğuladı və bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaranacağını bildirdi.

Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir sıra sahələrdə, o cümlədən bərpa-quruculuq işlərində, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulandı.

Sonda Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət etdi. Sercio Mattarella dəvəti məmnunluqla qəbul etdi.

***

15:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.

Metbuat.az xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlət başçısını qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı