Bakı, 8 iyun, AZƏRTAC
Nüfuzlu beynəlxalq maliyyə jurnalı olan "EMEA Finance" Avropa Bankçılıq Mükafatının (Europe Banking Awards) qaliblərinin siyahısını elan edib və 2014-ci ildə "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında “PAŞA Bank” qalib seçilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu mükafat “Paşa Bankın” heyətinin ötən il həyata keçirdiyi məhsuldar işinin nəticəsidir. 2014-cü ildə bank iri müştərilərlə, kiçik və orta sahibkarlıq sektoru ilə uğurlu iş aparıb, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi istiqamətində yüksək göstəricilər əldə edib, Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində çoxsaylı layihələr həyata keçirib.
“2014-cü ilin əsas nailiyyətlərindən biri “PAŞA Bankın” Türkiyədə fəaliyyətə başlaması olub. Əminəm ki, bu, “Bakı-Tbilisi-İstanbul” iqtisadi üçbucağı çərçivəsində gələcək uğurlu fəaliyyətin inkişafına xidmət edəcək”, - deyə PAŞA Bankın idarə heyətinin üzvü Taleh Kazımov vurğulayıb.
Qeyd edək ki, mükafatın təsisçisi "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən jurnal hər il qeyd edilən sektorun inkişafına yüksək töhfə verən dünyanın müxtəlif maliyyə təşkilatlarını mükafatlandırır.