Texnologiya liderlərindən Trampın qələbəsinə reaksiya - FOTO

2016-cı ildəki ABŞ prezident seçkilərində Donald Tramp və texnologiya nəhənglərinin liderləri arasındakı münasibətlər olduqca gərgin keçmişdi. Həmin dövrdə Tramp "Amazon" və "Washington Post"un sahibi olan Jeff Bezos da daxil olmaqla bəzi texnologiya nəhənglərini sərt tənqid etmişdi. Tramp seçildikdən sonra texnologiya şirkətlərinin dövlətlə olan əlaqələrinə təsir göstərərək, xoşlamadığı rəhbərlərin şirkətlərini dövlət işlərindən kənar tutmağa çalışmışdı. "Amazon" şirkəti tenderlərin ədalətli keçirilməməsini əsas gətirərək məhkəməyə müraciət etsə də, nəticə ala bilməmişdi.

Prezidentliyi dövründə texnologiya liderləri ilə münasibəti daim gərgin olan Tramp vəzifədən getməzdən əvvəl "Twitter"dəki hesabının bloklanması ilə də qarşılaşdı. Bu hadisə texnologiya rəhbərləri ilə münasibətlərini daha da gərginləşdirdi. İndi isə Tramp ikinci dəfə prezident seçildiyi halda texnologiya nəhənglərinin ona münasibətinin necə olacağı maraq doğurur.

Metbuat.az xəbər verir ki, həmin texnologiya liderləri Donald Trampı növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik ediblər. "Microsoft"un rəhbəri Satya Nadella, "Alphabet"in CEO-su Sundar Pichai və "OpenAI" CEO-su Sam Altman kimi texnologiya liderləri Trampı ilk təbrik edənlər arasında olub, onunla işləməyə hazır olduqlarını ifadə edən təbrik mesajları paylaşıblar. Nadella Trampı təbrik edərək ABŞ və dünya üçün yeni imkanlar yaradacaq innovasiya sahəsində birgə çalışmağa hazır olduğunu qeyd edib.

Jeff Bezos da keçmişdəki gərginliklərə baxmayaraq, təbrik mesajında Trampın qayıdışını "möhtəşəm siyasi dönüş" olaraq dəyərləndirib və Amerika Birləşmiş Ştatlarını birləşdirməsi üçün ona uğurlar arzulayıb. "Google" CEO-su Sundar Pichai və "Apple" CEO-su Tim Cook da Trampın seçkidə qələbə münasibətilə təbrik edərək onunla işləməyə həvəsli olduqlarını bildiriblər.

Trampa maddi və mənəvi cəhətdən tam dəstək verən Elon Musk X platformasında Amerika xalqının Trampa "dəyişiklik üçün açıq mandat verdiyini" qeyd edib.

Təbriklərdə verilən mesajlardan aydın olur ki, texnologiya nəhəngləri ilə Tramp arasında əvvəlki gərginlik azalıb. Münasibətlərin bundan sonra necə olacağını isə zaman göstərəcək.

Qeyd edək ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayaraq 2-ci dəfə ABŞ Prezidenti seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı