Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar nəticə verməyəcək. Ona görə də danışıqlarda dəstəyə yox, kifayət qədər silaha ehtiyacımız var.
Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski Macarıstanın paytaxtı Budapeştdə Avropa Siyasi Birliyinin Zirvə toplantısının açılış sessiyasında çıxış edib. ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla telefon danışığı apardığını qeyd edən Zelenski, danışıqların məhsuldar olduğunu ifadə edib. Rusiya-Ukrayna müharibəsində gərginliyin artdığına diqqət çəkən Zelenski bildirib ki, gərginliyin artmasına səbəb Rusiya olub.
Müharibənin ədalətli sona çatması üçün ölkəsinin hazırladığı sülh təklifinə toxunan Zelenski, Rusiyanı ədalətli sülhə sövq edə biləcək açıq diplomatik sistem qurduqlarını vurğulayıb. Zelenski nüvə və ərzaq təhlükəsizliyi, enerji, hərbi əsirlərin və deportasiya edilənlərin Ukraynaya qaytarılması kimi məsələləri ehtiva edən sözügedən təklifin əhəmiyyətindən danışıb.