​Kişilər və qadınlar ağrını fərqli hiss edir? - Yeni araşdırma

Kişi və qadınların fizioloji fərqləri məruz qaldıqları oxşar proseslərə də fərqli reaksiya vermələrinə səbəb olur. Məsələn, araşdırmalar arıqlamağa çalışan kişilərin və qadınların səhər yeməyi üçün fərqli qidalar yeməli olduqlarını ortaya qoyub. Hətta kişilərin və qadınların ağrını necə hiss etməsi ilə bağlı yeni elmi araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, "PNAS Nexus" jurnalında yayımlanan tədqiqat qadınların xroniki ağrıya daha çox məruz qaldığını, bəzi ağrıkəsicilərə kişilərə nisbətən daha az cavab verdiyini üzə çıxarıb.

Araşdırmada 98 nəfər iştirak edib, onlardan bəziləri sağlam, bəziləri isə xroniki bel ağrısı ilə üzləşmiş şəxslər olub. İştirakçılar əvvəlcə meditasiya təlimi keçdikdən sonra onlardan bir qismi təsirsiz plasebo, digər qismi isə yüksək dozada nalokson (opioid təsirini geri qaytarmaq üçün istifadə olunur) qəbul edərək meditasiya ediblər. Bu müddət ərzində onlara ağrısız, lakin narahatlıq verən istilik stimulu tətbiq olunub. Tədqiqatçılar opioid sistemi bloklanmış və ya aktiv olan zaman ağrının nə dərəcədə azaldığını müşahidə ediblər.

Araşdırma nəticəsində məlum olub ki, opioid sistemi bloklananda kişilərdə meditasiya əsaslı ağrıkəsici daha az təsir göstərir. Bu, kişilərin ağrını azaltmaq üçün daha çox opioid sistemindən asılı olduğunu göstərir. Əksinə, qadınlarda nalokson qəbul etdikdə meditasiya əsaslı ağrıkəsicinin təsiri daha güclü olub ki, bu da qadınların opioid olmayan mexanizmlərlə ağrını yüngülləşdirdiyini göstərir.

Ağrı kəsici dərmanlar qadınlar üçün daha az təsirli ola bilərmi?

Bəzi araşdırmalar bəzi ağrıkəsici dərmanların qadınlarda daha az təsirli ola bildiyini irəli sürsə də, elm adamları bu mövzuda hələ də qəti nəticəyə gəlməyiblər. Məsələn, 2021-ci ildə aparılmış araşdırma bəzi ağrıkəsicilərin kişilərdə daha effektiv olduğunu, digər tədqiqat isə müəyyən ağrıkəsicinin qadınlarda yan təsir yaratdığını göstərib. Michigan Dövlət Universitetinin farmakologiya üzrə dosenti Ceymi Alanın sözlərinə görə, kişilərlə qadınlar arasında dərmanların metabolizmi fərqli olduğundan ağrıkəsicilərə reaksiyaların da fərqli olması məntiqlidir.

Qadınlar ağrını azaltmaq üçün nə edə bilər?

Tədqiqatçılar qeyd edirlər ki, qadınlarda ağrının idarə olunması üsulları ilə bağlı daha çox araşdırma aparılmalıdır. Ceymi Alan vurğulayır ki, yalnız cinsiyyətə əsaslanan müalicə planı əvəzinə, xəstənin bütövlükdə qiymətləndirilməsi daha məqsədəuyğundur. Buna baxmayaraq, ağrıkəsici dərmanlardan rahatlıq tapmayan qadınlara uyğun alternativlərin təklif edilməsi üçün həkimə müraciət etmələri tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı