Bakıda COP29-un təşkilatçılığı yüksək səviyyədədir - İranlı palata üzvü

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İranın Ticarət, Sənaye, Mədənlər və Kən Təsərrüfatı Palatasının Enerji və Ətraf Mühit Komissiyasının rəhbəri Səid Tacikdir.

Metbuat.az xəbər verir ki, o, Trend-ə açıqlamasında bildirib ki, Bakıda COP29-un təşkilatçılığı yüksək səviyyədədir.

Onun sözlərinə görə, aydındır ki, Azərbaycan bu tədbirə çox gözəl formada hazırlaşıb.

"Bu təşkilatçılığa görə Azərbaycana təşəkkür etmək lazımdır", - deyə o qeyd edib.

Tacik bildirib ki, İran və Azərbaycan mədəniyyət baxımından çox yaxın ölkələrdir. Bu baxımdan, İranın bu tədbirdə həm dövlət səviyyəsində, həm də özəl sektorun iştirakına şərait yaranıb.

Tacik deyib ki, çox sevindirici haldır ki, ardıcıl iki il olaraq COP konfransı İrana qonşu ölkələrdə təşkil olunur.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı