Mövsümün fasiləsində “Fənərbaxça”da komandadan ayrılacaq futbolçularla yanaşı, komandaya qatılacaq futbolçuların adları maraq doğurur.
Metbuat.az xəbər verir ki, klubdan göndəriləcək bəzi futbolçuların adları müəyyənləşib. “Milliyet” qəzetinin məlumatına görə, baş məşqçi Joze Mourinyo Youssef En-Nesyridən əvvəl 15 milyon avroluq transferlə “Fənərbaxça” tarixinin ən bahalı transferi olan Cengiz Ünderi klubda görmək istəmir. Ötən mövsüm zədələr və İrfan Can Kahvecinin performansı səbəbindən oynamaq şansı tapmaqda çətinlik çəkən Cengiz Ünder, bu mövsüm Mourinyonun seçimləri arasında yer almayıb. Bildirilir ki, Cengiz Ünder Mourinyonun üçüncü alternatividir.
Qeyd edək ki, Cengiz Ünder "Fənərbaxça"da 36 matçda çıxış edib. Futbolçu bu matçlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.