Bu gün Gürcüstan altıncı prezidentini seçəcək. Seçki Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən parlament binasında keçirilir.
Metbuat.az xəbər verir ki, bu dəfə prezident ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.
Kollegiyaya bütün deputatlar daxildir.
Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd bu səsi toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.