Türkiyənin Giresun vilayətinin Görele rayonunda səhər saatlarında yaşayış məntəqəsinə daxil olan ayı sakinlər arasında təşviş yaradıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydınlıkevler məhəlləsində küçələrdə dolaşan ayı təhlükəsizlik kameralarına düşüb. İşə getmək üçün evindən çıxan Özlem Kavcı isə qəfil ayı ilə qarşılaşıb.

Qadın qarşısında ayını gördükdə böyük qorxu yaşayıb və qışqırmağa başlayıb. Onun səsini eşidən ayı istiqamətini dəyişərək bağa tərəf qaçıb.

Özlem Kavcı yaşadığı qorxunu danışarkən bildirib ki, ayını görən kimi panikaya düşüb. Qorxudan geri qayıda bilmədiyini deyən qadın qışqırmağa başlayıb. Ayının qaçdığını gördükdən sonra isə qardaşının evinə tərəf qaçıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Ayının yaşayış məntəqəsində dolaşdığı anlar təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.