Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir", - məlumatda qeyd olunub.
Səhiyyə Nazirliyindən bildirilib ki, 11 yaralıdan 8-i süni tənəffüs aparatına qoşulub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.