“Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da həbs edildiyini əlavə edib:
“Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq həbs edilib”.
F.Zeynalov hadisənin təfərrüatlarını açıqlayıb: “Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram. Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah məhkəməyə çıxacaqlar”.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.