Yanvarın 7-dən ABŞ-nin Los-Anceles şəhərində meşə yanğınları başlayıb. Yanğınlar güclü küləklərin təsiri ilə sürətlə yayılaraq minlərlə insanın təxliyəsinə və geniş ərazilərin məhv olmasına səbəb olub.
Bəs Los-Anceles niyə yanır və yanğınları söndürmək nə üçün bu qədər çətindir?
Mövzu ilə əlaqədar ekoloq Qorxmaz İbrahimli Metbuat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.
O bildirib ki, Kaliforniya ştatındakı yanğınları ciddi şəkildə piar mövzusu olub:
“Amerika prezidenti Co Bayden bunun iqlim dəyişikliklərinin sonucu olduğunu deyir. Teokratlar yayımlanan tolkşoulardan birindən yola çıxaraq “Allahın cəzası” olduğunu deyirlər. Bir qisim digər qalaktikalardan gələnlərin yandırdığını qənaətindədirlər. Bəziləri hətta az qalırlar özünün şahidliyini desin ki, olduğu yerdə ağac içindən yandı. Terror-təxribat deyənlər var. Ancaq, təbii ki, iqlim dəyişiklikləri bu gün dünyada sürətlə hiss olunmaqdadır. İstər öz coğrafiyamızda, istər dünyanın müxtəlif yerlərində qütblərdə gedən proseslər bunu deməyə əsas verir və iqlim dəyişikliklərinin burada müəyyən qədər rolu var”.
Ekoloq qeyd edib ki, Kaliforniya Amerikanın isti guşələrindən biridir:
“Eyni zamanda turistik yerləri, zəngin iş adamlarının və Hollivud ulduzlarının özəl villalarının olduğu, 10 milyonun altında evi olmayan, bahalı bir yerdir. İnsanların mülkləri yanır və sığorta şirkətləri bunu qarşılanmayacaqlarını deyirlər. Bu da məntiqlidir, çünki artıq milyardlardan söhbət gedir və sığorta şirkətləri bunu çətin qarşılayır. Bunlar hamısı düzəlsə də, təbiət böyük itki aldı. Həm bir neçə gün içərisində atmosferimizə zərərli qazlar sürətlə yayıldı, həm də təbii ki, orada yaşayan ekosistem məhv oldu. Yəqin ki, yanğın küləkli bir zamanda baş verib. Yanğını söndürməkdə ABŞ kimi bir dövlət aciz qalıb”.
Q.İbrahimlinin fikrincə, Los-Ancelesdəki yanğınlarda iqlim dəyişikliyinin rolu azdır:
“İqlim dəyişikliyinin üstünə faktura kəsmək olmaz. Bu, milyon illər ərzində təbiətdə gedən prosesdir. Doğrudur, havanın hərarətinin yüksəlməsinin sürətini azaltmaq üçün və yaxud hansısa bir formada hərarətin aşağı salınması üçün cəhdlər göstərilir. Lakin Kaliforniya yanğınının iqlim dəyişikliyi ilə o qədər də əlaqəsi yoxdur. Okeandan gələn hava axınları nəticəsində küləyin istiqaməti bir neçə dəfə dəyişib. Nəticə odur ki, bunun qarşısını olacaq qüvvə yoxdur və artıq təbii fəlakətə çevrilir”.
Sevinc İbrahimzadə / Metbuat.az