Türkiyə Super Liqasında iz qoyan “Çanaqqala Dardanelspor” klubu fəaliyyətini dayandırıb.
Metbuat.az xəbər verir ki, klubun əsas diqqətini infrastruktura yönəldəcəyi bildirilib. Məlumata görə, ardıcıl 3 mövsüm Super Liqada çıxış edən “Çanaqqala Dardanelspor”un A komandası idarə heyətinin qərarı ilə Super Həvəskarlar Liqasından çıxıb. Açıqlamada deyilir ki, klub diqqətini qadınlardan ibarət komandaya və aşağı yaş qruplarının fəaliyyətinə yönəldəcək. Klubun açıqlamasında, “Qadınlar Futbolu 2-ci Liqasında mövsümün ilk yarısını lider olaraq tamamlayan “Çanaqqala Dardanel” qadın futbol komandası ilə 1-ci Liqaya və Super Liqaya yüksəlməyi hədəfləyirik” - deyə bildirilib.
Qeyd edək ki, “Çanaqqala Dardanelspor” türk futboluna Tamer Tuna, Mehmet Topal, Selçuk İnan, Hasan Kabze, Gökhan Zan, Tolqa Seyhan kimi bir çox önəmli futbolçu bəxş edib. “Beşiktaş” və “Fənərbaxça”nın qapısını qoruyan milli qapıçı Engin İpekoğlu da Çanaqqala təmsilçisində çıxış edib. Çanaqqala komandası 1996-97, 1997-98 və 1998-99 mövsümlərində Super Liqada iştirak edib.