Bakı, 8 iyun, AZƏRTAC
Moskva Dövlət Konservatoriyasında müasir bəstəkarların “Çaykovski-naslediye” Beynəlxalq Müsabiqə-Festivalı çərçivəsində P.İ.Çaykovski adına Rusiya Milli Mədəniyyətə Dəstək Fondunun təşkilatçılığı ilə “Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” mövzusunda beynəlxalq elmi-ifaçılıq konfransı keçirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından (BMA) AZƏRTAC-a bildirilib ki, layihənin müəllifi və konfransın rəyasət heyətinin sədri BMA-nın professoru, elmi-eksperimental orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Tərlan Seyidovdur.
Elmi-ifaçılıq konfransı P.İ.Çaykovski adına Moskva Konservatoriyasının İfaçı Musiqiçilər Assosiasiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilib. Heydər Əliyev Fondunun Rusiya Federasiyasında Nümayəndəliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin beynəlxalq elmi foruma informasiya dəstəyini xüsusilə qeyd etmək lazımdır.
Konfransda Ukrayna, Yaponiya, Azərbaycan, Türkiyə, Türkmənistan dövlətləri iştirak ediblər. Rusiya Federasiyası Moskva, Sankt-Peterburq, Samara, Jiqulyovsk, Tolyatti, Novosibirsk, Yaroslavl, Kazan (Tatarıstan), İjevsk (Udmurtiya), Alatır (Çuvaşiya) şəhərləri tərəfindən xüsusilə geniş təmsil olunub. İştirakçıların statusu da geniş dairəni - məktəblilər, tələbələr, aspirantlar, müəllimlər, dosentlər, professorlar, elmlər namizədləri və doktorlar, konsert təşkilatlarının solistlərini əhatə edib.
“Elmi-ifaçılıq konfransının ideyası və müsabiqələr tədris prosesinin təkmilləşməsinə yeni imkanlar yaradır. Hər əsər nəinki təhlilə cəlb olunur, həm də ifa edilir. Beləliklə, nəzəriyyə və ifaçılıq təcrübəsi arasında sıx, üzvi əlaqə kimi mühüm məsələ həllini tapır”, - deyə konfransı açan layihə müəllifi, professor Tərlan Seyidov bildirib. O, layihəsinin xüsusiyyətini ifadə edərək deyib: “Elmi konfranslar, dinləyicilər tərəfindən adətən çətin qəbul edilir, çünki musiqi haqqında danışılır, lakin həmin musiqini heç kəs eşitmir. Lakin indi məruzə zamanı musiqi də səsləndirilir və deyilənləri əyani olaraq izah edir. Bu, çox canlı qavrayışdır”.
BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli konfransa təbrik məktubunda yazıb: “Azərbaycanda elmi-ifaçılıq tədbirlərinin keçirilməsi təcrübəsi onların inkişaf etmiş peşəkar musiqiçilərin hərtərəfli formalaşmasında müstəsna rolunu təsdiqləyir”. F.Bədəlbəylinin fikirlərinə İfaçı Musiqiçilər Assosiasiyasının rəhbərləri, beynəlxalq müsabiqələr laureatı Tatyana Svitova və Mariya Lukarevskaya da şərik çıxırlar. Onların qənaəti belədir: “Elmi-ifaçılıq konfransının əsasını təşkil edən prinsip (incəsənət və elmin dialoqu) ifaçı musiqiçinin hazırlanması üçün metodoloji əsas olmalıdır”.
Bundan başqa, Rusiyanın Xarici İşlər Nazirliyi Tərlan Seyidovun müəllif layihəsinin icrası ideyasını dəstəkləyib. Bu barədə P.İ.Çaykovski adına Rusiya Milli Mədəniyyətə Dəstək Fondunun sədri Dmitri Qalixin məlumat verib. O, konfransda qeyd edib ki, Fondun dəstəyi ilə belə tədbirlər Bolqarıstanda, Albaniyada və digər ölkələrdə keçiriləcək.
Məruzələr və çıxışlar, onların mövzu müxtəlifliyi, iştirakçıların bu mövzulara maraq göstərmələri və fəallığı – bütün bunlar “Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” devizi altında keçirilən konfransın yüksək yaradıcı mühitini təmin edib.