Özbəkistanın paytaxtında Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni ali təhsil ocağında beynəlxalq standartlara uyğun mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və digər sosial sahələr üzrə kadrlar yetişdiriləcək.
"2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış təşkilatların reytinqində top-1000-ə daxil olan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq", - sənəddə qeyd olunub.
Türk Dövlətləri Beynəlxalq Universitetində tələbələrin təhsili ödənişli müqavilə əsasında həyata keçiriləcək, qəbul parametrləri və ödənişli müqavilənin məbləğini universitetin özü müəyyən edəcək.
Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq.