“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır,” – deyə ümummilli lider Heydər Əliyev müəllimlik peşəsinin əhəmiyyətini vurğulayıb.
Metbuat.az xəbər verir ki, bu missiyanı uğurla yerinə yetirən müəllimlərdən biri də 13 ildir Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi çalışan Nurlana Qasımovadır.
Müəllim şagirdin qəlbini fəth edə bilsə, beynini də ram edə bilər. Nurlana müəllim də dərslərində məhz bu prinsipə əsaslanır. O, şagirdlərinə hər bir çətinliyin, əslində, yeni bir öyrənmə imkanı olduğunu izah edir. Müasir tədris metodlarından istifadə edən N.Qasımova şagirdlər üçün dərsləri daha maraqlı və əyləncəli edir. Onun keçdiyi dərslərdə layihə və oyun əsaslı yanaşma geniş yer alır ki, bu da uşaqların dərsə daha həvəslə yanaşmasına imkan yaradır.
Nurlana müəllimin bu metoda ən uğurlu nümunələrindən biri də "Müsahibə" mövzusundakı dərsi olub. Şagirdlərin bu anlayışı daha yaxşı qavraması üçün dərs praktik şəkildə qurulub. Belə ki, şagirdlər məktəb rəhbərliyindən, müəllimlərdən və hətta bir-birlərindən müsahibələr götürüblər. Bu yanaşma onların ünsiyyət bacarıqlarını inkişaf etdirməklə yanaşı, onları daha fəal və özünəinamlı etməyə kömək edib.
Sevinc İbrahimzadə / Metbuat.az